Ədliyyə Nazirliyinin penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əsgərağa Abış oğlu Sadatovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Cəlilabad şəhər sakini Səyyarə Abış qızı Sadatovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Keçirilən baxış zamanı Səyyarə Sadatovanın əl çantasının içərisindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Azercell” danışıq kartı aşkar edilib.
Əsgərağa Sadatov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü (dələduzluq) 313-cü (vəzifə saxtakarlığı) və 66.3 maddələri ilə ittiham edilib və Cəlilabad rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Cəlilabad rayonunun Sabirabad kənd sakini Əsgərağa Sadatov həmkəndlisi Ruslan İmanov və Cəlilabad sakini Zaur Abdullayevin etimadlarını qazanaraq, kollecə qəbul etdirmək adı ilə onlara saxta tələbə bileti verib. Bunun əvəzində isə onlardan ümumilikdə 3500 manat pul alıb.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov