Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Gülağa Lətifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sabunçu rayon 68 saylı orta məktəbin direktoru Təhməz Eyvazov ifadə verib. O, hadisə ilə bağlı tərəflərin suallarını cavablandırıb.
Məhkəmə dekabr 1-də davam etdiriləcək.
İttihama görə, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.
Hadisə zamanı güllə yarası alan Akif Nəzərov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı - Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşıdır.
Hacı Zeynalov