12 Aprel 2022 17:38
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesə yenə də jurnalistlər buraxılmayıb. Jurnalistlərin məhkəmə iclasına buraxılmaması hakimlər tərəfindən izah edilməyib.

Əldə etdiyimiz məlumata görə, sonuncu məhkəmə iclasında Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Savxozu”nda direktor işləmiş İbrahim Zeynalovdan 8 milyon manat alınması ilə bağlı epizod üzrə dinləmələr olub.

Qeyd edək ki, İbrahim Zeynalov 2002-ci ildən 19 dekabr 2008-ci ilə kimi Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Savxozu”nda direktor işləyib. 2007-ci ildə Bakı şəhərində sintetik xalça fabriki tikib, həmin xalçaların istehsalını təşkil etməyə qərar verib.

Bu ərəfədə isə Mövlam Şıxəliyev və digər şəxslərin qanunsuz əməlləri ilə üzləşib. Onun MTN tərəfindən saxlanılması, 8 milyon manat pulu hədə-qorxu yolu ilə ələ keçirilməsi barədə istintaq sənədlərində məlumat var.

Xatırladaq ki, İbrahim Zeynalov MTN-in vəzifəli şəxsləri tərəfindən pulu ələ keçiriləndən sonra müflis duruma düşüb. O, hazırda Neftçala rayonunda vaqonda yaşayır.

Bundan əvvəlki prosesə ifadə verməyə gələn İbrahim Zeynalov nimdaş geyimdə, cırılmış qaloşda olub.

İbrahim Zeynalov iddia edir ki, onun bu vəziyyətə düşməsində günahkar deputat Ziyad Səmədzadə olub.

Bu gün keçirilən prosesdə bu epizod üzrə şahidlər ifadə verib. Şahid Teyyub Məmmədov bildirib ki, 2009-cu ilin iyun-iyul ayında İbrahim Zeynalovun oğlu İlkin Zeynalov ondan borca pul istəyib. O da İlkinin atası İbrahim Zeynalovun MTN-dən həbsdən buraxılması məqsədilə tələb olunan pulun toplanmasına kömək etmək məqsədilə mal-qarasını satıb. Əldə etdiyi 14 min manat pulu özünün yaşadığı Neftçalanın Mirzəqurbanlı kəndindəki evində İlkin Zeynalova verib.

Bu epizod üzrə şahid qismində ifadə verən Abdulxalıq Manafov deyib ki, 2009-cu ilin iyun-iyul aylarında İlkin Zeynalovun xahişi ilə atası İbrahim Zeynalovun MTN-dən həbsdən buraxılması üçün Neftçalada ona 10 min manat pul verib. Şahid Namiq Nəcəfovun da ifadəsi digər iki şahidin ifadəsindən fərqlənməyib. Deyib ki, dostu İlkin Zeynalovun atası qanunsuz həbs olunandan sonra Bakı şəhərində onunla görüşüb. Həmin görüşdə İlkinə 10 min manat pul verib.

Növbəti şahid Qacar Əzizov olub. O, bildrib ki, digər zərərçəkən Elşən Mədətovun dostudur: "Elşən Mədətov “Texnikabank”dakı əmanətinin hədə-qorxu ilə alınması epizodu üzrə ifadə verib. Deyib ki, 2008-ci ildə Vüsal Ələkbərov Elşən Mədətovu MTN-ə çağırıb. Ona “Texnikabank”ın Bakı filialında 677 min avro məbləğində əmanəti olduğunu deyib.

Deyib ki, 300 min dollar verməsə, həbs edəcək".

Elşən Mədətov da qanunsuz həbsdən yaxa qurtarmaq üçün hədə-qorxu ilə ondan tələb olunan pulu toplamağa başlayıb. Həmin vaxt şahid Elşən Mədətova ilkin olaraq 45 min dollar, sonradan isə 15 min dollar əlavə pul verib. Şahid deyib ki, Elşən Mədətov ümumilikdə 260 min dollar toplaya bilib. Bankda əmanət kimi saxladığı 677 min avro da Elşən Mədətova qaytarılmayıb. Şahid deyib ki, Elşən Mədətov bu günə qədər ona 60 min dollar borcunu qaytara bilməyib.

İş üzrə zərərçəkən Zaur Əliyev deputat Ziyad Səmədzadə və Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin məhkəmədə ilkin olaraq şahid qismində dindirilməsinə dair vəsatətlə çıxış edib.

Vəsatətdə qeyd olunub ki, Mövlam Şıxəliyev MTN-də rəhbər vəzifədə işlədiyin 10 il ərzində başına topladığı mütəşəkkil cinayətkar quldur dəstəsinin üzvləri ilə birgə mütəmadi olaraq Azərbaycan vətəndaşlarının başına olmazın müsibətlər açıblar: “Vəzifədə xidmət edərkən quldurluq, hədə-qorxu gəlməklə soyğunçuluq, böyük sərvət əldə etmək məqsədilə olmazın cinayətlər törədiblər. İstintaqın qənaətinə görə Mövlam Şıxəliyev və başına yığdığı, hazırda onunla birgə məhkəmə qarşısına çıxarılan digər quldurlar 36 Azərbaycan vətəndaşından hədə-qorxu və quldurluq yolu ilə 20 milyon manat alıblar.

Hesab edirik ki, istintaq obyektiv, prinsipial, düzgün aparılsaydı, bu gün zərərçəkənlərin sayı dəfələrlə artıq, 20 milyonluq zərər isə 200 milyon manatı belə aşardı. İbrahim Zeynalova qarşı törətdikləri cinayətlərə gəldikdə isə Mövlam Şıxəliyev, Yasin Məmmədov və qeyrilərindən ibarət sabit cinayətkar quldur dəstənin üzvləri ilə birgə 2009-cu ildə heç bir əsas və cinayət təqibi olmadan uydurma saxta bir istintaqa cəlb ediblər”.

Vəsatətdə göstərilib ki, İbrahim Zeynalovu MTN-də girov olaraq 7 ay 17 gün saxlayılblar: “Həmin müddətdə o, günboyu MTN-də oturaraq qohum-qardaşının bu cinayətkar dəstənin ondan tələb etdikləri 10 milyon dolların toplanmasını gözləyib. Yasin Məmmədov o günlərdə dəfələrlə kabinetinə çağırtdırıb. Hər dəfə pul tələb edib. Deyib ki, pulu düzəlt ver, nazirin göstərişidir ki, səni buraxaq. Nazir də bunların dəstələrinin başçısı Eldar Mahmudov idi.

İbrahim Zeynalovu MTN-ə aparmazdan ay yarım əvvəl deputat Ziyad Səmədzadə ilə söhbəti olub. Ziyad onun evinin daimi qonaqlarından biri olub, çörək kəsib, dostluq edib. İbrahim həmişə onun cibinə pul qoyub. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olan da köməklik edib. Ziyad Səmədzadəyə qızıl saat verib, xarici səfərləri zamanı gediş-gəliş pulunu ödəyib, xərclik verib”.

İbrahim Zeynalovun deməsinə görə, bir gün Ziyad Səmədzadə onun yanına gəlib: “Deyib ki, bəs bir akademik var, Əhməd Mahmudov, onun kitabını çıxarmaq lazımdır. Kitabın çapı üçün 25 min dollar istədi, həmin pulu da ona verdim. Dedi ki, kitabı Almaniyada çap etdirəcək. O zaman Əhməd Mahmudovun kim olduğunu bilmirdim. Sadəcə Ziyad istəmişdi deyə, həmin pulu verdim. Bir müddət sonra gəldi, kitabı, kitabın təqdimatına dəvətnaməni verdi”.

İbrahim Zeynalovun qeyd etdiyinə görə, Ziyad Səmədzadə ilə münasibətləri çox yaxşı olub: “Evimin içinə qədər gəlib-gedib. Bu səbəbdən də işlərim haqqında da məlumatı olub. Hətta qızının villasını da mənə təmir elətdirmişdi”.

İbrahim Zeynalov deyib ki, Almaniyadan xalça toxuyan makinanı sifariş edəndən sonra bankdan kredit götürmək istəyib: “Ziyad Səmədzadə də dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Ziyad Səmədzadə deyəndən sonra həmin o 3 milyon manatı ayırdılar. Sonra krediti götürdüm və 10 faizini Ziyad Səmədzadəyə verdim. Fabrik işə düşəndən sonra Ziyad Səmədzadə gəldi ki, fabrikin 51 faizini onun, ya da qızının adına keçir. Razılaşmadım, aramızda narazılıq yarandı. Dedi ki, sənin başına oyun açacağam. Heç ağlıma gəlməzdi ki, mənə qarşı belə bir naxələflik edər, məni tutdurar, sifariş edər”.

İbrahim Zeynalov qeyd edib ki, MTN-ə aparılandan sonra bir qadını onun üzünə saxlayıblar: “Həmin qadına dedirdilər ki, guya ondan 1250 manat rüşvət almışam. Həmin vaxt formal olaraq Prezident Adminstrasiyasının təsərrüfatlarından birinin rəhbəri idim. Özüm isə iş adamı idim. Zavodum, fabrikim, sexlərim və başqa bizneslərim vardı. Bu qadın da iddia eləyirdi ki, guya ondan 1250 manat rüşvət almışam.

Mövlam Şıxəliyev, Yasın Məmmədov o qadını üzümə dayandırdılar. 7 ay 17 gün şər ittihamla həbsdə saxladılar. Mövlam Şıxəliyev 10 milyon dollar istəyirdi. Yasin Məmmədov deyirdi ki, pulu verməsən, səni “kars”a salacağıq. Həbsdə olanda ailəmə təzyiq göstəriblər, övladlarımı hədələyiblər. Həbsdə olanda Mövlam Şıxəliyev bilirdi ki, Eldar Mahmudovun atasının kitabının çapı üçün Ziyad Səmədzadəyə 20 min dollar vermişəm. Evimdə axtarış aparan da həmin o kitabı və kitabın təqdimatının dəvətnaməsini də götürdülər. Özlərini elə apardılar ki, guya bunu heç bilmirlər”.

Qeyd olunub ki, həbsdə olanda onun uşaqları zavodu da, xalça fabrikini də, evlərini də, maşınlarını da, qızıl-zinət əşyalarını da, bağlarını da, bir sözlər nə var idisə, hamısını satıblar, Eldar Mahmudovun cinayətkar quldur dəstəsinin tələb etdikləri 10 milyondan 8 milyon dolları veriblər.

İbrahim Zeynalovun deməsinə görə, pulu alandan sonra bir həkim çağırıblar: “O da yazdı ki, MTN-dən bu gün buraxılmasam, guya öləcəm. Beləcə 2 avqust 2009-cu ildə məni azad etdilər. Amma yenə də əl çəkmədilər. Aeroportun arxasında 4 hektar torpağım qalmışdı. Onu da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlimdən aldılar. Yasin torpağı 3 qadının adına keçirdi. Mövlam Şıxəliyevin oğlu Elgün torpağa özü gəlmişdi. Məni gördü, dedi ki, bağda qonşu olmuşuq, biz sənin maşınlarına həmişə həsrətlə baxmışıq. Torpağı Yasinlə ölçüb-biçdi, öz aralarında böldülər. Mövlamın oğlu Elgün badam ağaclarının altında oturaraq badamdan sındırıb yeyir, mənim maşınlarımdan ağızdolusu danışırdı. O torpağı da onlara təhvil verdim”.

Sonda iş üzrə şahid qismində məhkəmə qarşısında dindirilməsi üçün Ziyad Səmədzadə və Mövlam Şıxəliyevin oğlu Elvin Şıxəliyev məhkəməyə dəvət olunması istənilib.

Zərərçəkən Hüseyn Səfərov deyib ki, bu günə qədər heç bir vəsatətiləri təmin edilməyib: “Bütün vəsatətlərimizi qulaqardına vurursuz. Vəsatətlərimiz verilir, amma həmin gün qiymət verilmir deyə, əhəmiyyətini itirir. Ötən prosesdə təqsirləndirilən Vüsal Ələkbərovun barəsindəki qəti-imkan tədbirinin dəyişdirilməsi və həbsini tələb etdik. Amma siz yenə də hakimlik yox, bunlara himayədarlıq etdiniz. Həmin prosesdən sonra bu məhkəmə zalında Vüsal Ələkbərov təhqiramiz ifadələr işlətdi. İstədi ki, mən reaksiya verim, onun ağzının üstünə sillə vurum. Siz bizi məcbur edirsiz ki, məhkəmə zalında əlbəyaxa olaq?

Biz başa düşürük ki, siz uzun illər Mövlam Şıxəliyevin rəhbərliyi altında, onun tabeliyində müstəntiq işləmisiz. Bu gün də siz gələib burada hakimlik etməniz ağlasığmazdır. Siz özünüzə hörmət edib etiraz etməlisiz. Çünki burada məhkəmə hakimi kimi proses aparmırsız. Mövlam Şıxəliyevə, onun mütəşəkkil quldur dəstəsini himayənizə götürüb vəkillik edirsiz.

Bu gün zərərçəkən Zaur Əliyev vəsatət verib Ziyad Səmədzadənin, Mövlam Şıxəliyevin bizə qarşı cinayətlərdə iştirak etmiş oğlunun məhkəmədə şahid qismində dindirilməsini istəyir. Biz zərərçəkənlər bu vəsatəti dəstəkləyirik.

Ziyad Səmədzadə bu gün depuatatdır deyə, siz ondan çəkinirsiz? Bu adam ulu öndər Heydər Əliyevin əleyhinə gedən biridir. Siz də dolayısı ilə onu müdafiə edirsiz, bizim vəsatəti təmin eləmirsiz. İbrahim Zeynalov bu gün çox acınacaqlı vəziyyətdədir. Onun həbsini, ondan hədə-qorxu ilə 10 milyon dollar tələb olunub 8 milyon dollar alınmasını Ziyad Səmədzadə Eldar Mahmudova sifariş edib.

Mövlam Şıxəliyevlə Yasin Məmmədov da həmin sifarişi icra ediblər. 8 milyon dolları alıblar, ürəkləri soyumayıb, İbrahim Zeynalovun hər biri hektarla torpaq sahələrini də alıblar. Yasin Məmmədov torpağı öz adına, Mövlam Şıxəliyev isə oğlu Elgünün adını keçirib, rəsmiləşdirib. Biz də deyirik ki, Ziyad Səmədzadəni də, cinayət yolu ilə əmlakın izinin itirilməsində iştirak edən Elgün Şıxəliyevi də burada dindirilməsini tələb, xahiş edirik.

Bizim hər birimizin durumu İbrahim Zeynalovdan fərqli deyil. Bu gün mən kirayədə yaşayıram. Nəvələrim mənim kirayədə yaşadığım evə gəlir. Mövlam Şıxəliyev həbsdədir. Amma onun təkcə “Sahil” metrostansiyasının üstündəki binada 8 bir-birindən böyük, təmirli mənzili var. Haradan alıb həmin mənzilləri? Biz zərərçəkənlərin hesabına alınmış evlər, mənzillərdir. Siz isə elə mövqe tutursuz ki, sanki təqsirləndirilən şəxslər bu cinayətləri bizə qarşı etməyiblər. Belədirsə, möhtərəm cənab prezident İlham Əliyev Milli Təhülkəsizlik Nazirliyini niyə ləğv edib? Niyə Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılıb? Niyə Mövlam Şıxəliyev, Yasin Məmmədov, Sahib Ələkbərov, Vüsal Ələkbərov istintaqa cəlb olunub məhkəmə qarşısına çıxarılıblar? Siz niyə onları müdafiə edirsiz?

Bu gün Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov, təqsirləndirilən Vüsal Ələkbərov deyirlər ki, sizdən alınan pul rüşvətdir. Halbuki bizdən o pulları hədə-qorxu ilə, ailələrimizə təzyiq göstərməklə, övladlarımızı həbslə hədələməklə, “kars”a salıb orada işgəncə verdirməklə, aylarla qanunsuz həbsdə saxlamaqla evlərimizi, maşınlarımızı, həyat yoldaşlarımızın, qızlarımızın qızıl-zinət əşyalarını satdırmaqla alıblar. Bu gün aldıqları pula rüşvət adı qoyub canlarını qurtaracaqlarını düşünürlər. Bunu sizin susqun havadarlığınızla edirlər. Sizə xəbərdarlıq edirəm, burada çox pis hadisələr olacaq və bütün baş verənlərin məsuliyyəti sizin üzərinizdədir. Bilin ki, bizim itirəcəyimiz bir şey qalmayıb”.

Zərərçəkən Elvar Əliyev isə daha ciddi bir ittiham səsləndirib. Hakimə Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat pul yığıldığını deyib: “Hörmətli hakim, mən “Sədərək” bazarında işləyirəm. Bazarda Mövlam Şıxəliyevin şərikləri var. Onlar orada ətraflarında olan sahibkarlardan pul yığırlar. Deyirlər ki, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat pul verilməldir. Sizə sual edirəm: həmin pul bizim ziyanımızın ödənilməsi üçündür, yoxsa rüşvət verib Mövlam Şıxəliyevin azad edilməsi üçün? Xahiş edirəm sualıma cavab verin”.

Hakim Elbəy Allahverdiyev suala cavab verməkdə çətinlik çəkdiyini açıqlayıb. Mövlam Şıxəliyev deyilənlərə istehza ilə gülməklə reaksiya verib.

Zərərçəkən Əfsəl Həsənəliyev hakimin Ziyad Səmədzadə və Elgün Şıxəliyevlə bağlı vəsatəti təmin etməməsinə əsəbi rekasiya verib: “Bu cinayətkarları indiyə qədər gizlədən, havadarlıq edən Zakir Qaralov, Rüstəm Usubov olub. İndi də siz onları himayə edirsiz. Cinayət məsuliyyətindən yayındırırsız, buna çalışırsız. Niyə vəsatəti təmin etmirsiz? Məni dindirməmiş şahidləri çağırıb dindirirsiz. Niyə qaydaları pozursuz?

Siz bilirsiz ki, bu cinayəti bu adamlar dövlət məmurlarının köməyi ilə bizə qarşı törədiblər. Siz Mövlam Şıxəliyevin də rəhbərlərindən olduğu mütəşəkkil cinayətkar quldur dəstəni himayə etməyə girişmisiz. Bu adamlar xalqı dövlətdən, prezidentdən narazı salan adamlardır. Mənə niyə danışmağa imkan vermirsiz? Mən bizə qarşı cinayətlər haqda danışmaq istəyirəm. Siz isə imkan vermirsiz. Siz məni intihara sürükləyirsiz. İmkan verin sözümüzü deyək. Vəsatətlərimizi təmin edin.

Vaxtilə Gəncə Ağır Cinayətlərə Məhkəməsində də hakim Kəramət Əliyev sizin kimi bizə qarşı cinayətlərə şəriklik elədi. Sonra da Eldar Mahmudovu prezident iti qovan kimi qovandan sonra Kəramət Əliyev qapıma gəlib uşaq kimi hönkürüb ağladı. Məndə onun səs yazıları, videosu da var. Sizi də Kəramət Əliyevin durumunda görmək istəmirəm. Bu mütəşəkkil cinayətkar dəstənin üzvünə çevrilməyin. Biz də intihara sürükləməyin!

Hakim Elbəy Allahverdiyev Əfsəl Həsənəliyevin çıxışını davam etdirməsinə imkan verməyib.

Növbəti prosesin aprelin 19-da davam edəcək.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov