16 Aprel 2022 17:13
1 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1983-cü il təvəllüdlü Pərvin mübahisə zamanı qonşusu Novruzu bıçaqlayıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 2-də gecə saat 00.20-də Xocasən qəsəbəsində baş verib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2009-cu ildən paytaxtda anası və qardaşı ilə birgə yaşayır: “Qardaşım Şahmar kombi ustası olmaqla MMC-də texnik, özüm isə Xocəsən yolunda yerləşən “Pepsi” şirkətində fəhlə işləmişəm. Novruzu əvvəllər tanımamışam. Aramızda hər hansı münasibət olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 2-də, gecə 00.20-də işdən qayıdarkən məhlədəki dükana daxil olub, pivə alaraq içə-içə dükandan təxminən 300 metr kənarda olan evinə doğru hərəkət edib: “Təxminən 40-50 metr getdikdən sonra döngədə qonşumuz Novruzun qardaşım Şahmarla mübahisə etdiyini gördüm. Yaxınlaşıb nə baş verdiyini soruşdum. Novruz kimliyimi soruşdu və müdaxilə etməməyimi istədi. Mən isə Şahmarın qardaşı olduğumu dedim. Novruza “ağsaqqal” kimi mürciət etdim, nə baş verdiyini soruşdum.

Novruz bir əlini mənim, digərini isə qardaşım Şahmarın çiyninə qoyaraq “gedin ağıllı olun, pivəni xarabanızda için” dedi, mənimlə kobud rəftar etdi. Bir daha Novruza “ağsaqqal” deməklə danışığına fikir verməsini istədim. O isə mənə qulaq asmadı, mübahisə davam etdi. Novruz məni və qardaşımı itələdi, nalayiq ifadələr işlətdi. Onunla əlbəyaxa oldum. Şahmar bizi aralamaq istədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Novruz bədəncə böyük və ondan güclü olduğundan, gücü çatmayacağını başa düşərək onu qorxutmaq istəyib: “Bu məqsədlə bir gün qabaq “Neftçilər” metrostansiyası ətrafındakı mağazalardan birindən aldığım bıçağı şalvarımın sağ tərəf kəmərinin altından çıxararaq sağ əlimdə tutdum. Onun üzərimə gəlməməsini bildirdim. Lakin Novruz üstümə gələrək sinəmdən itələdi. Əlimdəki bıçaq yerə düşdü.

Bıçağı götürərək Novruzun üzərinə iki dəfə hərlədim. Bıçaq onun sol tərəf bədən nahiyəsinə dəydi. Novruzu bıçaqladığımı gördüm və yaşadığım evə doğru qaçdım. Qardaşım Şahmar da evə gəldi. Novruza xəsarət yetirdiyim bıçağı hadisə yerinə atmışdım. Özüm Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə getdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Novruzun sözlərinə görə, Şahmarı yaşadığı məhəllənin sakini kimi tanısa da, onun qardaşı Pərvini hadisə baş verən tarixədək tanımayıb:

“Onunla aramızda hər hansı ədavət olmayıb. Lakin Şahmarın yaşadığımız məhlədə pivə içməsi, sərxoş vəziyyətdə məhlədə xoşagəlməz ifadələr işlətməsi, ətraf sakinlərin, eləcə də mənim və ailəmin rahatlığını pozması kimi hallara görə ona bir neçə dəfə xəbərdarlıq etmişdim. Lakin Şahmar sözlərimə heç bir məhəl qoymadı. Bu kimi hərəkətlər təkrar olundu”.

Zərərçəkmiş qeyd edib ki, avqustun 1-də saat 22 radələrində Şahmarın məhlədə yenə pivə içərək mobil telefonda yüksək səslə danışdığını görüb: “Ona yaxınlaşdım, bunları öz evinin qarşısında etməsini məsləhət bildim, sonra evimə getdim. Bir neçə saat sonra, yəni artıq 2 avqust, saat 00.20-də evimin qarşısına çıxarkən baxdım ki, Şahmar təkrar məhəllədə pivə içir. Ona bir daha iradlarımı bildirdim. Söhbət edə-edə evlərinə doğru apardım. Evə doğru hərəkət edərkən bir nəfər oğlan bizə yaxınlaşdı, nə baş verdiyini soruşdu. Sualıma cavabda Şahmarın qardaşı Pərvin olduğunu dedi.

Şahmarın evimin qarşısında spirtli içki içib ucadan nalayiq ifadələr işlətməsi, mənim və ailə üzvlərimin, qonşuların rahatlığını pozması, əvvəllər də qardaşını xəbərdar etməm barədə Pərvinə danışdım.

Pərvin iradları qəbul etmək əvəzinə əlindəki pivə şüşəsini uzatmaqla mənə ağıl öyrətməyə ehtiyacı olmadığını, nə etdiklərini yaxşı bildiklərini deməklə cavab qaytardı. Bir daha onlara səs-küy salmamaları və evlərinə getmələri barədə xəbərdarlıq etdim. Gözlənilmədən Pərvin əynindəki şalvarının sağ tərəf kəməraltından bıçaq çıxararaq üzərimə gəldi. Qardaşı Şahmar onu arxadan tutaraq üzərimə gəlməsinə imkan vermədi.

Buna baxmayaraq Pərvin üzərimə gəldikdə, özümü müdafiə etmək məqsədilə sol əlimlə Pərvinin bıçaq tutduğu sağ əl biləyindən tutdum, qolunu buraraq bıçağın əlindən düşməsinə nail oldum.

Pərvin yerdən bıçağı götürərək üstümə hücum çəkdi. Bıçaqla sol qarın və sinə nahiyəmə iki dəfə vurdu. Xəsarət aldığımı gördüm, qonşumuz Həbibdən məni xəstəxanaya aparmasını xahiş etdim. Həbib məni 3 saylı Sabunçu şəhər xəstəxanasına apardı. Üzərimdə cərrahi əməliyyat aparıldı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin 8 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov