16 Aprel 2022 23:33
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 1990-cı il təvəllüdlü Əfqan İran İslam Respublikasının vətəndaşı, iş adamı Ramin Ekradiyə qarşı dələduzluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əfqan vaxtilə ali məktəbdə bir yerdə oxuduğu Vüqarın bacısı Nərminin əri, İran vətəndaşı Ramin Ekradiyə onun bankdan kredit götürməsi ilə bağlı işləri həll edəcəyi, habelə həmin işləri əvvəllər bankda işlədiyi üçün tanışları vasitəsilə başa gətirəciyi haqda yalan vəd verib.

Əfqan R.Ekradinin 15.000 manat məbləğdə pulu kredit yolu ilə bankdan götürülməsinə köməklik göstərməsi barədə ilkin olaraq 5000 manat məbləğdə pulun depozitə qoyulmalı olduğunu deyib. O, R.Ekradini aldadaraq, 21 iyul 2021-ci ildə “Xətai” stansiyasının yaxınlığında 3700 manat alıb, iyulun 26-da isə “İnşaatçılar” stansiyasının yaxınlığında 1500 manat alaraq ümumilikdə 5200 manatı ələ keçirib.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər “Bank of Baku”da, daha sonra isə “Yello Bank”da kredit müxtəxəssisi vəzifəsində işləyib: “2019-cu ilin dekabrında işdən azad olundumr. İran İslam Respublikasının vətəndaşı Ekradi Raminin qaynı Vüqarla ali məktəbdə bir yerdə təhsil almışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin iyul ayında Vüqar ona zəng vurub və bacısının yoldaşı Raminin özünə maşın almaq istədiyini, lakin pulunun çatmadığını, imkan varsa bankların birindən 15000 manat kreditə pul götürməkdə köməklik etməyi xahiş edib: “Vüqarın təklifinə razılıq verdim. O, yeznəsi Ramini mənimlə tanış etdi. Raminə yalandan dedim ki, 15000 manat kreditə pul götürmək üçün ilkin olaraq bankın depozitinə 5000 manat pul qoymaq lazımdır. Ramin də mənimlə razılaşdı”.

Əfqan deyib ki, iyulun 21-də Xətai metrostansiyasının yanında Raminlə görüşüb: “Görüşə Raminin yoldaşı Nərmin də gəlmişdi. Ondan 3700 manat aldım, qalan məbləği sonra verəcəyini bildirdi.

Ramindən aldığım 3700 manatı öz şəxsi ehtiyaclarım üçün və anamın müalicəsinə lazım olan dərman vasitələrin alınmasına xərclədim. Bir neçə gün sonra Raminə zəng vurdu, mənimlə İnşaatçılar metrostansiyasının yanında görüşdü. O mənə 1500 manat verdi.Söhbət əsnasına ona dedim ki, narahat olmasın, kredit məsələsini yaxın günlərdə həll edəcəm.

Ramindən aldığı 1500 manat pulu da öz şəxsi ehtiyaclarına xərclədi. Bir müddət sonra Ramin zəng vurdu, işlə bağlı maraqlandı. Hər dəfə ona narahat olmamağı dedim”.

Əfqan ifadəsinin sonunda bildirib ki, zərərçəkmişlə barışıb, ona dəymiş ziyanı ödəyib. Deyib ki, cinayət nəticəsində dəymiş ziyanın 25 faiz miqdarında dövlət büdcəsinə ödəniş edib. Bu səbəbdən o, barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib.

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, ona dəymiş ziyanın ödənilməsini nəzərə alıb.

Bu səbəbdən Əfqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov