18 Aprel 2022 14:58
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda 1990-cı il təvəllüdlü Aqil xuliqanlıq cinayəti törədib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Aqil 16 iyul 2021-ci ildə, saat 08.03-də küçədə Razimə yaxınlaşıb və ona zor tətbiq edib, özündə olan bıçaqla xəsarət yetirib.

O, həmin vaxt oradan keçən Seymura da xəsarət yetirib.

İstintaq orqanı Aqilin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində olan əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edib.

Cinayət işi Nəsimi rayon Məhkəməsinə göndərilib. Hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda məlum olub ki, Aqil cinayəti anlaqsız vəziyyətdə törədib.

Aqilin anlaqsız olması onun atası və qanuni nümayəndəsi Nurəddinin ifadəsi ilə də təsdiq olunub. Nurəddin məhkəmə ifadəsində göstərib ki, Aqildən başqa övladı yoxdur: “Aqil Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dovlət Neft və Sənaye Universiteti) 3-cü kursunda təhsil aldığı vaxt, yəni 30 aprel 2010-cu ildə orada baş vermiş terror aktı nəticəsində qrup yoldaşı, yaxın dostu olan Yusifin vəfat etməsindən çox təsirlənib. Həmin terror aktı zamanı Aqil də təhsil müəssisəsində olub və hadisədən sonra psixi xəstəliyə tutulub”.

Qanuni nümayəndənin sözlərinə görə, Aqili müalicə etsələr də, müsbət nəticə verməyib: “Onun qulağına səslər gəlir, bəzən gözünə müxtəlif insanlar görünür. 2021-ci il iyulun 15-də oğlu evdə yatan zaman qəfildən duraraq eyvana çıxıb, kiminsə onu söyməsini, təhqir etməsini eşidib. Lakin həyətdə heç kim olmayıb. Oğlum həyət istiqamətində boşluğa baxıb, adamların dağılışmalarını istəyib. Gözünə kimsə görünüb, onu sakitləşdirərək yerinə uzatmışıq”.

Nurəddin qeyd edib ki, növbəti gün, saat 08.00-da evdə yatdığı vaxt arvadı onu yuxudan oyadıb və Aqilin evdə olmadığını deyib: “Həmin vaxt Aqilin marketdən siqaret və su alaraq həyətdə oturduğunu gördüm. 3 gün yatmadığından psixiatrik xəstəxanaya yerləşdirmək istədik.

Daha sonra Aqil harasa getdi. Bu zaman onun yanından keçən qonşumuz Razimlə salamlaşdıq. Aqil bizə tərəf gələrək bıçaqla Razimə xəsarət yetirdi. Dərhal onları aralaşdırdım. Sonra Aqil evə gəldi. Bundan sonra Razim yaxınlıqdakı Azərbaycan Tibb Universitetinə getdi.

Aqilin əlindəki bıçağı götürdüm, polis əməkdaşları ünvana gəldikləri vaxt Aqilin Razimdən əvvəl onun qardaşı oğlu Seymura da bıçaq xəsarəti yetirdiyini öyrəndim”.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törədən zaman anlaqsız vəziyyətdə olduğu üçün həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Aqilin barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi”nə həvalə edilib.

Qeyd edək ki, 30 aprel 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror zamanı 13 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralıların 3-ü xarici vətəndaş olub. İkisi Sudan, biri isə Suriya vətəndaşıdır.

İstintaqın gəldiyi nəticəyə görə, terror aktını Gürcüstan vətəndaşı - Marneuli sakini, 29 yaşlı Fərda Əsəd oğlu Qədirov törədib.

Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Bu terror hadisəsinin törədilməsində Fərda Qədirova köməklik edənlər isə istintaq orqanı tərəfindən müəyyən edilib və məhkəmə məsuliyyətinə verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il 10 avqust tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov