Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Vüsal Cəfərov və Mahir Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, 2013-cü ilin noyabrın 4-də Biləsuvar rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İran İslam Respublikası tərəfdən, iki nəfərin Azərbaycan tərəfdən mühəndis qurğusuna yaxınlaşması və İrandan Azərbaycan tərəfə naməlum əşyanın ötürüldüyü sərhəd naryadı tərəfindən müşahidə olunub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Vüsal Nazim oğlu Cəfərov və Mahir Ələsgər oğlu Abdullayev saxlanılıb, onların üzərinə baxış zamanı 11 kq marixuana aşkar edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Abdullayev 10 il, Vüsal Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Mahir Abdullayevin apelyasiya şikayəti təmin edilməyib. Vüsal Cəfərovun apelyasiya şikayəti qismən təmin edilib.
Vüsal Cəfərovun əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət tərkibi olmaması müəyyən edilib. Buna görə də həmin maddələr üzrə Vüsal Cəfərova bəraət verilib. Vüsal Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2-ci maddələri ilə istinad edilmiş əməl Cinayət Məcəlləsinin 29, 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığına cəhd) maddəsinə tövsif edilib. Həmin maddə ilə Vüsal Cəfərova 6 il cəza təyin edilib.
Hacı Zeynalov