26 Noyabr 2014 11:04
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını boğaraq öldürən 1979-cu il təvəllüdlü Emin Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Məşəl” düşərgəsində Tərtər rayon sakini Emin Heydərov münaqişə zəminində keçmiş arvadı, Zəngilan rayon sakini Şəlalə Nağıyevanı namaz qıldığı yerdə elektrik naqili ilə boğaraq öldürüb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Emin Heydərov ifadə verib. O, keçmiş həyat yoldaşını öldürdüyünü etiraf edib: “Mən ailəmə baxırdım. Əks halda, onun məndən ayrılmaq istəməsini asanlıqla qəbul edərdim. Amma o, anasının fikri ilə evdə söz-söhbət yaradırdı. Evim olmadığına görə kirayədə yaşayırdıq. Özüm fəhlə işləyirdim. Gah pulum olurdu, gah olmurdu. Ona görə də kirayə haqqını gecikdirirdim və bu səbəbdən də aramızda problem yaranırdı. O, mənimlə boşanmaq istədiyini deyəndə səbəbini soruşdum. Cavabında dedi ki, ”sərbəst olmaq istəyirəm". Ola bilər əsəbləşib deyib ki, mən ondan asanlıqla əl çəkim. Çünki onun məndən ayrılmasına imkan vermirdim. Hətta ayrılan gün məhkəmənin qarşısında mübahisə etdik. Cəhdlərimə baxmayaraq Şəlalənin istəyi ilə biz rəsmi qaydada ayrıldıq. Ayrılandan iki gün sonra isə onu öldürdüm".

“Naqillə boğdum”

Təqsirləndirlən şəxs daha sonra qeyd edib ki, cinayətin baş verməsinə səbəb Şəlalə Nağıyeva ilə arasında uşaq üstündə yaranan mübahisə olub: “Məhkəmə mənə 8 aylıq övladımı görməyimlə bağlı icazə vərəqi verib. Ayrılandan iki gün sonra, yəni hadisə baş verən gün övladımı görmək bəhanəsi ilə Şəlalənin anasının yaşadığı evə gəldim. Evdə Şəlalə və onun bacısının qızı vardı. Uşaq da yatırdı. Yenə də Şəlalə ilə mübahisəmiz düşdü, çünki onun məndən ayrılmasını heç cür qəbul edə bilmirdim. Məndən onlara gəlməyimin səbəbini soruşdu və ondan əl çəkməyimi tələb etdi. Mən də dedim ki, sənə görə yox, övladımı görməyə gəlmışəm. O, mənə əhəmiyyət vermədən yan otağa keçdi. Pəncərədən baxanda gördüm ki, üzü divara namaz qılır. Mən də həmin otağa girdim. Xəbəri yox idi. Onun başı qarışmışdı. Divanın üstündəki naqili götürüb, arxa tərəfdən onun boynuna keçirdim və naqillə boğdum. Hadisəni törətdikdən sonra bir qədər gözlədim. Öldüyünə tam əmin olandan sonra özüm polisə gedərək təslim oldum”.

“Qızımı döyürdü”

Daha sonra prosesdə zərərçəkmış qismində Şəlalə Nağıyevanın anası ifadə verib. O, bildirib ki, Zəngilan rayonundan məcburi köçkün düşdükdən sonra 1993-cü ildən Pirşağıda sanatoriyanın həyətində məskunlaşıblar. Qadın deyib ki, övladları ailə qurandan sonra həmin evdə həyat yoldaşı ilə birlikdə yaşayıb. Onun sözlərinə görə, bir müddətdən sonra həyat yoldaşı onu atıb və qadın böyük qızının övladı ilə birlikdə yaşayıb: “Bu müddət ərzində qızım Şəlalə həyat yoldaşı Eminlə yola getmədiyindən tez-tez dalaşıb. Bu səbəbdən də Şəlalə evimizə qayıdıb. Şəlalə dörd il idi ki, Eminlə ailə qurmasına baxmayaraq, tez-tez küsüb evə gəlirdi. Emin qızımı döyürdü, ona baxmırdı. Nə də 8 aylıq körpəsinə baxırdı. Ac-susuz qalırdılar. Körpə uşağa yemək almırdı. Məcbur olub mən uşağa yemək alırdım, evə də bazarlıq edirdim ki, ac qalmasınlar. Amma o, qızımla yola getmirdi. Onlar kirayədə yaşayırdılar. Evin kirayə pulunun vaxtı gələndə evdən çıxıb gedirdi. Bir müddət keçəndən sonra yenə gəlib üzr istəyib qızı aparırdı. Sonuncu dəfə qızım bezdi və qəti şəkildə ondan ayrılacağını bildirdi. Mən də razılıq verdim. Çünki qızımı öz evində döyməsi azmış kimi, gəlib mənim evimdə də döyürdü. Qışqır-bağır salırdı, qonşularımın yanında bizi biabır edirdi”.

“Öldürməklə hədələyib”

Zərərçəkmiş daha sonra qeyd edib ki, Şəlalə Nağıyeva ayrılmaq üçün məhkəməyə müraciət edib: “Lakin Emin Heydərov qızımı bu yoldan çəkindirmək üçün onunla gah mülayim, gah da hədə-qorxu ilə danışırdı. Buna baxmayaraq qızımı fikrindən daşındırmağa nail ola bilmədi. Şəlalə ondan ayrılmaqda fikrinin qəti olduğunu bildirdi. Beləlikə, hadisə baş verəndən iki gün əvvəl onlar məhkəmənin qərarı ilə rəsmi qaydada ayrıldılar. Boşanan gün o, məhkəmənin qarşısında hər kəsin qulağı eşidə-eşidə qızımı təhdid etdi. Onu öldürəcəyini bildirdi. Hadisə baş verən gün evdə deyildim, işdə idim. Qonşular zəng edib xəbər etdilər. Amma hadisə barədə heç nə demədilər. Evə gələndə gördüm hamı həyətə yığılıb, qarışıqlıqdır. Elə bildim uşağa nəsə olub. İçəri keçəndə qızımı yerdə ölmüş vəziyyətdə gördüm”.

Məhkəmə iclası dekabrın 2-də davam etdiriləcək.

Hacı


Müəllif:

Oxşar xəbərlər