25 Aprel 2022 16:03
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 1984-cü il təvəllüdlü Fəqan anası Nailəyə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Fəqanın anası Nailə ilə münaqişəsi ilə bağlı ondan Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə şikayət edilib.

30 avqust 2021-ci ildə saat 18.00-da Fəqan polis bölməsində şikayət əsasında izahat verib və evə qayıtdıqdan sonra mətbəxdə anasına ondan polis bölməsinə şikayət etməsini irad tutub. Onların mübahisəsi düşüb. Mənzildə olan atası Oktay valideynlərinin sözünə baxmamasını, cavab qaytarmasını, dəfələrlə əsassız mübahisə etməsini deyib, tənbeh məqsədilə ona tərəf gəlib.

Fəqan atasının bu hərəkətlərindən əsəbiləşərək mətbəxdə masanın üzərindən götürdüyü bıçaqla atasına yüngül xəsarət yetirib.

Bu vaxt Nailə ata və oğulun arasına girib, onları ayırmağa çalışıb. Fəqan əlində olan bıçaqla anasının bədənin müxtəlif nahiyyələrinə vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmədə ifadə verən Fəqan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, həbs olunanadək ailə üzvləri ilə birlikdə yaşayıb: “Yaşadığım ev 1 otaqdan və mətbəxdən ibarətdir. Anam-atamla eyni otaqda qalmışam. Ev darısqal olduğundan aramızda hərdən narazılıqlar olurdu”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 30-da, saat 15.00-da onunla valideynləri arasında yenidən mübahisə yaranıb: “Anam hirslənərək məni evdən qovdu. Bu mənə çox pis təsir etdi. Ona görə anamı əlimlə kənara itələdim. Atam bunu gördükdə hirsləndi, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məndən şikayət etdi. Bir neçə dəqiqə sonra polis əməkdaşı zəng edərək məni 27-ci polis bölməsinə çağırdı. Bölməyə gedərək evdə baş verən mübahisə barədə izahat verdim. Evə qayıtdıqdan sonra valideynlərimə şikayət etmələrinə görə öz iradımı bildirdim”.

Fəqan bildirib ki, atası yenidən ondan polisə şikayət edəcəyini bildirib: “Mən də əsəbiləşdim, mətbəxdə olan bıçağı götürərək atamı vurdum. Anam bunu gördü, mənimlə atamın arasına girdi, üzərimə gəldi və mənə əl-qol atdı. Valideynlərimin kobud və haqsız davranışı mənə çox pis təsir etmişdi. Son zamanlar evdə baş verən söz-söhbətlərdən yaman bezmişdim. Anam mənimlə atamın arasına girdikdə, özüm də bilmədən anamı bıçaqladım.

Həmin vaxt özümdə olmamışam. Hadisə bir anda baş verdi. Törətdiyim əməldən çox peşmanam. Mənim bir oğul kimi anama və atama qarşı cinayət törətməyim çox böyük səhv hərəkətdir. Öz hərəkətlərimə görə utanıram və valideynlərimdən bir daha üzr istəyirəm”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Nailənin sözlərinə görə, Fəqan uşaqlıqdan fiziki cəhətdən xəstə olub: “Ona görə də heç bir yerdə işləməyib. Biz ailəlikcə birlikdə yaşamışıq. Evimiz darısqal, maddi imkanımız zəif olduğundan aramızda hərdən mübahisələr olurdu. Onun işləməməsi aramızda mübahisə yaradırdı.

Hadisədən bir müddət əvvəl Fəqanla yenidən mübahisə etdik, ona narazılığımı bildirdim. Fəqan isə çox aqressiv şəkildə davrandı. Hirslənərək onu evdən qovdum. Bu hərəkətim Fəqanı özündən çıxardı, məni üzümdən itələdi. Bir ana kimi oğlum Fəqanı çox istəsəm də, ondan incidim. Ona görə də ərim Oktay Fəqanın barəsində polisə şikayət etdi”.

Nailənin sözlərinə görə, Fəqanı 27-ci polis bölməsinə çağırıblar: “Fəqan izahat verdikdən sonra əsəbi halda evə qayıtdı. Oktaya, mənə polisə şikayət etdiyimizə görə iradını bildirdi, üstümüzə qışqırdı. Mən də onu söydüm, evdən qovdum. Mübahisə zamanı Oktayla birlikdə Fəqanın üstünə qışqıraraq evi tərk etməsini tələb etdik.

Bu vaxt Fəqan anidən mətbəxdəki bıçağı götürərək dedi ki, əl çəkin məndən, bezdirməyin məni, yoxsa pis olacaq. Lakin mən və Oktay bu sözlərə məhəl qoymadıq. Daha da aqressiv davranaraq kobudluq etdik. Fəqandan evi tərk etməyi tələb etdik. Hətta Oktay Fəqanın üzərinə cumaraq vurmaq istədi”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, bu vaxt Fəqan əlindəki bıçaqla anidən Oktayı bıçaqlayıb: “Bunu gördükdə gözlərimə inanmadım. Müdaxilə edərək Fəqanın üstünə cumdum. Bu vaxt o, anidən məni də bıçaqladı. Sonra baş verənlər yadımda qalmayıb. Bir də xəstəxanada ayıldım.

Bir ana kimi oğlum Fəqanın xəstə olduğunu bilə-bilə ona qarşı çox haqsızlıq və kobudluq etmişəm. Fəqanın hərəkətlərimizə görə tutulması mənə çox pis təsir edib. Bir ana kimi özümü bağışlaya bilmirəm”.

Fəqan 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov