29 Aprel 2022 15:47
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yarım milyon manatdan çox mənimsəmədə təqsirləndirilən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının 30 il baş həkimi olmuş 85 yaşlı Rəsul Baxışəliyev, onun təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova, xəstəxananın tibb bacısı Afət İbrahimova və təsərrüfat işçisi Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayət Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Rəsul Baxşəliyevin 11, Zinyət İsmayılovanın 10 il 6 ay, Afət İbrahimovanın 8 il, Əli Əliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı, həmçinin, təqsirləndirilən şəxslərin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin ləğv edilməsini və məhkəmə zalından həbs edilmələrini məhkəməyə təklif edib.

Növbəti proses mayın 12-də davam edəcək.

İttihama görə, Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri və dövlət vəsaitini mənimsəmələri faktları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılmış istintaqla Rəsul Baxşəliyevin Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən onun təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova ilə əlbir olaraq həmin xəstəxananın tibb bacısı Afət İbrahimova və təsərrüfat işçisi Əli Əliyevin köməkçiliyi ilə müvafiq rəsmi sənədlərə saxta məlumatlar daxil edərək 2009-2021-ci illər ərzində qeyd edilən tibb müəssisəsində müxtəlif vəzifələr tutmaqla faktiki olaraq işə gəlməyən 36 nəfər şəxsin əmək funksiyalarını yerinə yetirməsi görüntüsünü yaratmalarına, bu üsulla həmin işçilərə məxsus olub özlərində saxladıqları plastik əməkhaqqı kartlarına köçürülmüş cəmi 626 min 844 manat məbləğində pul vəsaitini mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə əldə edilmiş sübutlar əsasında Rəsul Baxşəliyev, Zinyət İsmayılova, Afət İbrahimova və Əli Əliyev Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

İbtidai istintaq zamanı vurulmuş maddi ziyanın 321 min 330 manat hissəsinin ödətdirilməsi təmin edilib.


Müəllif: Hacı Zeynalov