Bakının Yasamal rayonunda 1985-ci il təvəllüdlü Anarə xadimə işlədiyi evdən oğurluq edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, o, 2021-ci ilin aprelindən noyabrın 27-dək Şəbinə Şahbazovanın evində xadimə işlədiyi müddət ərzində yataq otağına daxil olub, şkafın içərisində olan saxlanc yeri hesab edilən seyfi açarla açıb və qızıl və pulları oğurlayıb. Ev sahibinə ümumilikdə 14750 manat dəyərində ziyan dəyib.
İstintaq orqanı tərəfindən Anarənin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Anarənin barəsində olan cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadəm verən Anarə ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2021-ci ilin aprel ayından Səbinə Şahbazovanın evində xadimə işləməyə başlayıb: “Həmin vaxt məndə evin açarları yox idi. Səbinənin evində gündəlik 20 manata işləyirdim.
Maddi cəhətdən pis vəziyyətdə olduğum və uşaqlarımın ehtiyaclarını ödəyə bilmədiyim üçün ilk dəfə xatırlamadığım tarixdə Səbinə evdə olmayan zaman bir ədəd qızıl üzük və bir ədəd qızıl sırğa oğurladım. Bacım oğlu Adilin şəxsiyyət vəsiqəsi ilə Daxili İşlər Nazirliyinin qarşısında yerləşən Mərkəzi Univermaqdakı mağazaya 700 manata üzüyü, 800 manata isə sırğanı satdım. Adilə həmin qızılların özümə məxsus olduğunu bildirdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra xatırlamadığı tarixdə Şəbinənin evdə olmamasından istifadə edib, yenə də seyfi açıb: “Oradan 2 ədəd ərəb qızıl üzüyünü, 1 ədəd delfin şəkilli qızıl qadın üzüyü, 1 ədəd ərəb qızıl sırğanı, 1 ədəd pandora markalı qızıl sırğanı, 1 ədəd dəst mavi ortası topaz, ətrafı briliyant olan qızıl sırqa ilə üzüyü, 1 ədəd kişi üzüyünü götürdüm. Müxtəlif vaxtlarda tanımadığım yerlərdə müxtəlif məbləğlərdə sataraq övladlarımın təhsil haqqını və digər şəxsi ehtiyaclarını ödədim. Bundan əlavə Şəbinənin seyfə qoymuş olduğu puldan yalnız 300 ABŞ dollarını götürmüşəm”.
Anarə deyib ki, noyabrın 27-də Şəbinənin evində tək olan zaman seyfi açıb, lakin heç nə götürməyib: “Bundan dərhal sonra Şəbinə polis əməkdaşları ilə birlikdə evə gəldi. Adilə zəng etdim, bu barədə məlumat verdim. Adil də ora gəldi”.
Anarə əlavə olaraq bildirib ki, o, evdə olan vaxtlar Şəbinənin oğlu Kənan da dostları ilə evə gəlib: “Seyfin qapısı həmişə açıq qalırdı. Evdən bir sıra qızıl-zinət əşyalarını oğurlasam da, 1700 manat dəyərində 1 dəst mavi, ortası topaz, ətrafı briliyant olan qızıl sırğa ilə üzüyü, 1 ədəd briliyant qaşlı qızıl qadın üzüyü, 800 manat dəyərində 1 ədəd ilan şəkilli qızıl sırğanı, 1200 manat dəyərində qızıl boyunbağını və 1000 ABŞ dollarını, 500 manat məbləğində nağd pulu oğurlamamışam”.
O, ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığının nəzərə alınmasını istəyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Şəbinənin sözlərinə görə, Yasamal rayonunda oğlu Kənanla yaşayır: “2021-ci ilin aprel ayından Anarə evimdə xadimə işləməyə başladı. Anarədə evin açarları olmayıb. Mən hər gün saat 08.00-da işə gedir, axşam saat 18:00-da evə qayıdıram. Kənan İqtisadiyyat Universitetində oxuduğu üçün o da evdən saat 08:00-da çıxır və saat 18:00-da evə qayıdır.
Anarəyə günlük 20 manat xidmət haqqı verirmişəm. Yataq otağında qızıl-zinət əşyalarımı, pullarımı şkafın aşağı hissəsində olan seyfdə saxlamışam. Anarə qızıl-zinət əşyalarımı, pullarımı seyfdə saxladığımı bilib. Seyfin açılmağını kodlaşdırmamışam, yalnız açarla bağlamışam. Həmin açarları da siyirməli dolabın içindəki ayrı-ayrı vazalarda olan bujiteriyaların yanına qoymuşam”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, təxmini 2 oktyabr 2021-ci ildə seyfə 1500 ABŞ dolları qoyub: “Oktyabrın 15-də seyfi açarla açanda orada 900 ABŞ dolları olduğunu gördüm və 300 ABŞ dollarını götürdüm. Bundan sonra 600 ABŞ dollarını çox axtarmağıma baxmayaraq tapmadım. Oktyabrın 18-də seyfə 1000 ABŞ dolları qoydum. Noyabrın 25-də seyfi açarla açan zaman 900 ABŞ dolları qaldığını gördüm.
Seyfdən pulların Anarənin oğurladığını fikirləşdim. Yataq otağının yanında seyflə üzbə-üz dolabın altına video kamera, seyfə isə avadanlıq quraşdırdım ki, evdə olmayan vaxt seyfin qapısını kimsə açarsa, mobil telefonuma zəng gəlsin. Bundan sonra həmin gün Anarənin mobil telefona vatsap vasitəsi ilə evdə olmayacağımı və gəlib evi yığışdırmağı tapşırdım”.
Səbinə qeyd edib ki, noyabrın 27-də saat 10 radələrində Anarə evə gəlib: “Bundan sonra evdən çıxdım və evin ətrafında avtomobilimlə hərəkət etdim. Təxmini 15 dəqiqə keçmiş telefonuma evdəki seyfin qapısının açılması ilə bağlı zəng gəldi. Dərhal telefonumla yataq otağındakı video görüntüyə baxan zaman Anarənin seyfi açarla açdığını və oradan nəsə götürdüyünü gördüm. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat verdim. Polis əməkdaşları ilə hadisə yerinə gəldik. Seyfə baxanda orada 900 ABŞ dollar pul, 600 manat dəyərində 6 qram olan 1 ədəd qolbağımın qaldığını gördüm”.
Zərərçəkmiş ifadəsinin sonunda göstərib ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilib. Bu səbəbdən ona qarşı şikayəti yoxdur.
Anarə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bak, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.