Abşeron rayonunda oğurluq etməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Xəqani Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 8-də rayonun Masazır qəsəbəsində baş verib. Qəsəbə ərazisində “Romi” otelin qarşısında Saray qəsəbəsi istiqamətində 535 saylı marşrut xəttində hərəkətdə olan avtobusda sərnişin Vəlinin əynindəki şalvarının sağ yan cibindən 1237 manatı oğurlayıb.
İstintaq orqanı tərəfindən Xəqani barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqlam oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Xəqaninin barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Sevinc Quliyevanın sədrliyi ilə araşdırılıb.
Məhkəmədə ifadə verən Xəqani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər bir neçə dəfə cinayət məcəlləsini müxtəlif maddələri ilə məhkum olunub: “Uzun müddətdir narkotik vasitələrdən istifadə edirəm. Narkotik vasitələri əldə etmək üçün oğurluq etməklə əldə etdiyim pulla Sumqayıt və Bakı şəhərində tanımadığım şəxslərdən narkotik vasitə alaraq istifadə etmişəm. Xırdalan şəhərində və Masazır qəsəbəsi ərazilərində bir neçə dəfə avtobuslarda cibgirlik etmişəm. Sərnişinlərin pullarını və mobil telefonlarını oğurlamışam”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, axırıncı dəfə 8 sentyabr 2021-ci ildə, saat 14 radələrində Masazır qəsəbəsindən Saray qəsəbəsi istiqamətində hərəkət edən 535 saylı avtobusda olarkən cibgirlik etmək üçün fürsət axtarıb: “Həmin vaxt bir nəfər orta yaşlı, dolu bədənli avtobusa minən kişinin əynindəki şalvarının cibində qatlanan pulun olmasını müşahidə etdim. Avtobusda oturduğum yerdən sağ yana çəkildim və həmin şəxsə oturmaq üçün yer göstərdim. Həmin kişi sol yanımda oturdu. 2-3 dayanacaqdan sonra “Romi” otelin yaxınlığında fürsət taparaq həmin şəxsin şalvarının sağ cibindən qatlanmış və rezinlə bağlanmış vəziyyətdə olan pulunu çıxartdım. Dayanacaqda avtobusun arxa qapısından düşdüm. Təxminən 5-10 metr uzaqlaşdıqdan sonra, yolun əks tərəfinə keçmək istədim. Lakin pulunu oğurladığım kişi ardımca avtobusdan düşdü, qaçaraq, uca səsələ ətrafdakı adamlara - “qoymayın qaçsın, tutun onu, mənim pulumu oğurladı” dediyini eşitdim. Oradan təxminən 10-15 metr qaçdım. Lakin həmin kişi məni tutdu. Bildirdi ki, mənim pulumu ver, pulumu sən götürdün. Həmin kişinin əlindən çıxaraq qaçmaq istədim. Amma məni buraxmadı. Kişinin məni buraxması üçün ondan oğurladığım pulu yerə atdım. Bunu görən kişi əyilərək yerdən pulunu götürdü. Tez onun əlindən çıxaraq qaçdım. Avtomobillərin arası ilə yolu əks istiqamətə keçəndə yolda hərəkətdə olan markasını və nömrə nişanını xatırlamadığım bir avtomobilə dəydim. Zərbədən yerə yıxıldım. Tez özüm yerdən qalxaraq yolun əks tərəfinə qaçdım. Lakin ardımca qaçan şəxslər məndən əl çəkmədi. Onlar qışqıraraq - “tutun onu, oğrudur, cibgirdir, saxlayın onu” dedilər. Ardımca qaçan tamadığım şəxslər və polis məni tutdular. Bundan sonra polislər məni Abşeron rayon Polis İdarəsinə apardılar. Oğurladığım pulların miqdarını bilməmişəm. Çünki pulları saymağa imkan tapmadım. Hazırda əməlimdən peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş ifadəsində göstərib ki, avtomobilinin bank kredit borcunu 2 ay ödəyə bilməyib: “Sentyabrın 8-də, 2 aylıq kredit pulunu topladım, cəmi 1237 manat pulu cibimə qoyaraq, banka ödəməyə getmək üçün Masazır qəsəbəsində 535 saylı avtobusa mindim. Avtobusda təxminən 40-45 yaşında olan kişi oturduğu yerdən yana çəkilərək mənə oturmaq üçün yer göstərdi. Yanımda oturdu. 2-3 dayanacaqdan sonra Masazır qəsəbəsindəki “Romi” otelin qarşısında həmin şəxs durduqda cibimdən pulların çıxarıldığını hiss etdim. Tez əlimi cibimə saldım, cibimdəki 1237 manat pulun olmadığını, oğurlandığını bildim. Tez sürücüyə dedim və avtobusdan düşərək həmin şəxsin ardınca getdim. Pulumu oğurlayan şəxs uzaqlaşmaq üçün qaçmasına baxmayaraq, təxminən 20 metr onun ardınca qaçdım. Onu tutdum və pulumu qaytarmasını tələb etdim. Lakin həmin şəxs oğurladığı pulu qaytarmaq istəmədi. Hər vasitə ilə əlimdən çıxmağa və qaçmağa fürsət axtarmasına baxmayaraq, onu buraxmadım. Həmin şəxsin pulu yerə atdığını gördüm. Pulu yerdən götürdükə o, əlimdən çıxaraq asfalt yola tərəf qaçdı. Yolla hərəkətdə olan Opel markalı avtomobilə çırparaq yerə yıxıldı. Lakin həmin şəxsdən əl çəkmədim. Qışqıraraq ətrafdakılara “tutun onu, oğrudur, cibgirdir, saxlayın onu” dedim. Səsimi eşidən yolda gedən tanımadığım adamlar həmin şəxsi tutdular. Bunu görən yol polisi köməyə gəldi və post patrul xidmətinin polis nəfərlərini çağırdı. Polis nəfərlərinə cibindəki pullarının həmin şəxs tərəfindən çıxarılaraq oğurlandığını bildirdim”.
Xəqani 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.