Bu gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadə və bir qrup şəxsin hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri İbrahimov Ağasif Şakir oğluna qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Qalib Salahzadə və digərlərinin iddiaları təmin edilməyib.
İddiaçılar qeyd ediblər ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında dəyəri 25 milyon dollar civarında olan mülklər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib.
Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlər boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.
Həmçinin sabiq deputat məhkəmədən xahiş edib ki, yekun məhkəmə qərarınadək Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızına məxsusluğu iddia olunan bağ torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərarlar qəbul olunsun.
Q.Salahzadə qeyd edib ki, mübahisəli ərazidə Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma Ceyran Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, Rəsul Quliyevin ABŞ vətəndaşları olan övladları Ağasif Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.
Q.Salahzadə əlavə edib ki, Rəsul Quliyevin övladlarının adlarına olan bağ evlərinin alqı-satqısına dair sənədlər məhkəməyə təqdim olunmalıdır.
“14 ildir ki, yaşadığım və qeydiyyatda olduğum evimə gedə bilmirəm. Rəsul Quliyevin adamı bağ evimin girişinə polislər qoyublar. Məni evimə buraxmırlar. Məhkəmə də araşdırma aparmadı. Mənim və digərlərinin adına olan evlərlə bağlı sənədlər yoxlanılmadı. Qərardan narazıyıq, yuxarı instansiyaya şikayət edəcəyik”, deyə o bildirib.