Gəncə şəhərində 1975-ci il təvəllüdlü Məhərrəm 1935-ci il təvəllüdlü anası Gülənbərə xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zaur Hünbətovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm özünü Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi üzrə yox, Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.
Məhərrəm qeyd edib ki, anası Gülənbər və qardaşı Zakirlə birlikdə yaşayıb: “Son zamanlar anam və qardaşım yaşadığımız evdən mənə düşən mülkiyyət payından onların xeyrinə imtina etməyimi tələb ediblər. Mən də onlarla razılaşmırdım. Bu səbəbdən bir neçə dəfə mübahisələrimiz oldu. Onlarla münasibətim baş tutmadığı üçün evin ikinci mərtəbəsində tək yaşamışam. Anam və qardaşım isə evin birinci mərtəbəsində yaşayıblar”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü spirtli içki qəbul edib və yaşadığı evə olub:
“Həmin vaxt anam Gülənbər qardaşımı bir neçə dəfə çağırdı. Qardaşım cavab vermədiyi üçün əsəbləşib birinci mərtəbəyə düşdüm, qardaşıma irad bildirdim. Bunun üstündə aramızda mübahisə oldu, dava elədik. Qardaşım yerdən daş götürərək evin həyətində başıma vurdu, alın nahiyəmdən xəsarət aldım. Zakirin məni döymək isitədiyini gördüm. Onun üzərinə getdim, yumuruqla vurmaq istədim. Anam bizi aralamaq istəyəndə yumruğum onun üz nahiyəsindən dəydi. Yaşlı qadın olduğu üçün o, özünü saxlaya bilmədi və pilləkəndən yerə yıxıldı”.
Məhərrəm deyib ki, bundan sonra qardaşı Zakir evdən gedib: “Mən yerə yıxılmış yaşlı anamı qucağıma götürdüm və evdə çarpayısına uzatdım. Özüm isə sərxoş vəziyyətdə olduğum və özümü yaxşı hiss etmədiyim üçün otağıma getdim, yatdım.
Bir saat sonra qardaşım Zakir məndən şikayət etdiyi üçün polis əməkdaşları gəldi, məni polis idarəsinə dəvət etdilər. Onlarla Nizami rayon Polis İdarəsinə getdim”.
Məhərrəm ifadəsinin sonunda məhkəmədən himayəsində azyaşlı iki əkiz və iki yetkinlik yaşına çatmayan uşaqları olmasını nəzərə alınmasını istəyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülənbərin ifadəsinə görə, oğlanları ilə yaşayır: “Kiçik oğlum Məhərrəm son zamanlar tez-tez içki içir, evdə mənimlə mübahisə yaradırdı. Ona görə də digər oğlum Zakirlə birlikdə evin birinci mərtəbəsində, Məhərrəm isə tək 2-ci mərtəbədə yaşayıb.
Hadisə günü saat 15 radələrində Məhərrəm evin ikinci mərtəbəsində içki içdi. Mən isə evin birinci mərtəbəsində yatdım. Həmin vaxt böyük oğlum Zakir isə evdə deyildi. Məhərrəm sərxoş vəziyyətdə evin birinci mərtəbəsinə gələrək mənimlə mübahisə etməyə başladı. Ona içki içməyi irad tutdum. Məhərrəm daha da əsəbləşərək üzərimə gəldi, sinəmin üstünə çıxaraq sifətimə və bədənimin müxtəlif nahiyələrinə dayanmadan yumruqla vuraraq məni döydü”.
Zərərçəkmiş şəxs qeyd edib ki, bundan sonra oğlu Zakir yaşadığı evə gəlib: “Üzümdə və bədənimin müxtəlif nahiyələrindəki xəsarətləri gördü. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng mərkəzinə və Nizami rayon Polis İdarəsinə bu barədə məlumat verdi. Polis İdarəsində araşdırma aparıldı, oğlum Məhərrəm barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi Nizami rayon məhkəməsinə göndərildi.
Nizami rayon məhkəməsinin hökmü ilə Məhərrəm Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Hökmdən narazı qaldığım üçün Gəncə Apellyasiya Məhkəməsinə vəsatət verdiM. Məhərrəmə daha ciddi cəza verilməsini xahiş etdim. Çünki Məhərrəm azadlığa çıxdıqdan sonra yenə də məni döyüb, xəsarət yetirəcəyindən qorxdum”.
Gülənbər bildirib ki, Məhərrəm 2019-cu ildə onu döyüb və xəsarət yetirməsi ilə əlaqədar məhkəmədə işlərinə baxılarkən onu bağışlayıb: “Buna baxmayaraq o, əməllərindən əl çəkmədi. Məhərrəmin hərəkətlərindən artıq bezmişəm. Ona ən ağır cəza verilməsini istəyirəm”.
Məhərrəm 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.