Daxili İşlər Nazirliyi (DİN) Oğuz Rayon Polis Şöbəsinin keçmiş rəisi İmaməddin Abbasovun həbsi barədə məlumatları təsdiqləyib.
DİN Mətbuat Xidmətinin rəisi Sadiq Gözəlov APA-nın sorğusuna cavabında bildirib ki, paytaxt sakini olan bir vətəndaş nazirliyə müraciət edərək İmaməddin Abbasovun onun külli miqdarda pulunu mənimsəməsi barədə məlumat verib: “Nazir, cənab Ramil Usubovun göstərişi ilə həmin müraciət üzrə xidməti təhqiqat aparılıb və müəyyən olunub ki, İmaməddin Abbasov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların pullarını mənimsəyib, onlara külli miqdarda ziyan vurub. Əməlində dələduzluq cinayətinin əlamətlərinin olması, "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin tələblərini pozub polis əməkdaşı adına ləkə gətirən hərəkətlər etməsi nəzərə alınaraq, İmaməddin Abbasov Daxili İşlər Orqanlarında xidmətdən xaric edilib”.
S. Gözəlov həmçinin qeyd edib ki, İ.Abbasovun əməlinə hüquqi qiymət verilməsi üçün xidməti yoxlama materialları qanunvericiliyə uyğun olaraq Baş Prokurorluğa göndərilib.
Həmin materiallar üzrə Baş Prokurorluqda aparılmış prosessual araşdırmaların nəticələrinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə tərəfindən İ.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İ. Abbasov əvvəllər Oğuz rayonunun polis rəisi olub.
Bu gün bəzi KİV-də İ. Abbasovun tutulması barədə məlumatlar yayılıb.