14 İyun 2022 11:53
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 1976-cı il təvəllüdlü Səbuhi arvadı Səliməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il martın 11-də, saat 18 radələrində rayonun Aşağı Güzdək qəsəbəsində baş verib.

Səbuhi evdə olan zaman mütəmadi spirtli içiki içməsinə irad bildirdiyinə görə arvadı ilə mübahisə edib. Mübahisə zamanı arvadını döyüb.

İstintaq orqanı tərəfindən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi bildirib ki, Səlimə ilə 6 ildir evlidir: “Martın 11-də saat 18 radələrində Aşağı Güzdək qəsəbəsində adını bilmədiyim kafedə 3-4 bakal pivə içdim, sərxoş vəziyyətdə yaşadığım evə getdim. Evdə arvadımdan çay istədim, o, çayın hazır olmadığını bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Əsəbləşərək arvadımın başına, sifətinə, bədəninin digər nahiyələrinə yumruqla vuraraq onu döydüm”.

Təqsirləndirilən şəxs deyib ki, sonradan arvadının onun barəsində şikayət etdiyini öyrənib: “Münaqişə təxminən 8-9 dəqiqə davam etdi. Evdə ikimızdən başqa heç kim yox idi. Əməlimdən peşmançılıq çəkirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səlimənin sözlərinə görə, əvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar Səbuhi spirtli içki aludəçisinə çevrildiyindən və ailədə tez-tez səbəbsiz mübahisələr yaratdığından münasibətləri korlanıb: “Martın 11-də ərim yenə də evə sərxoş vəziyyətdə gəldi. Səbəb olmadan mənimlə kobud tərzdə danışaraq mübahisə yaratdı. İrad bildirəndə yumruqla başıma, sifətimə vuraraq məni döydü. Ərizə ilə Qobu polis bölməsinə müraciət etdim”.

Səlimə ifadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.

Səbuhi 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23.00-dan 07.00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edənorqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.


Müəllif: Hacı Zeynalov