14 İyun 2022 16:19
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində 1994-cü il təvəllüdlü Telman atası Münasibə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 7-də Xırdalan şəhərində baş verib.

Telman yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı atasının baş nahiyəsinə taxta parçası ilə vurub.

Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Vaqif Həsənovun icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, zərərçəkmiş şəxs onun doğma atasıdır və onlar eyni ünvanda birlikdə yaşayırlar:

“Atam mütəmadi olaraq adi məişət söhbətləri səbəbindən mübahisələr yaratdığından münasibətlərimiz əvvəldən yaxşı olmayıb. Hadisə günü saat 18 radələrində atam mənə həmin evdən çıxaracağını bildirdi. Aramızda mübahisə yarandı. Atam məni evdən çıxardıqdan sonra kiminləsə evlənəcəyini bildirdi.

Mən isə istənilən halda evdən çıxmayacağımı dedim. Eləcə də Almaniyaya getmək fikrim olduğunu və bu işdə mənə maddi kömək göstərməsini istədim. Aramızda mübahisə daha da şiddətləndi. Evdə olan taxta parçasını əlimə götürdüm, atamın baş nahiyəsinə vurdum. O, müvazinətini itirərək yerə yıxıldı. Mən isə evdən çıxaraq getdim”.

Telman ifadəsinin sonunda əməlindən peşmançılıq çəkdiyini deyib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Münasibin sözlərinə görə, Telman evdə tez-tez mübahisələr yaradır: “Yanvarın 7-də Almaniyaya getmək istədiyini bildirdi, məndən 3000 manat tapmağımı istədi. Mən isə bu qədər pulu mənə borc verə biləcək bir kimsənin olmadığını dedim. Bundansa işləyib, pul qazanmasını məsləhət gördüm.

Telman daha da aqressivləşərək ünvanıma nalayiq ifadələr səsləndirməyə, evdə olan əşyaları sındırmağa başladı. İrad bildirdiyimdə evdə saxladığı taxta parçası ilə başıma zərbə vurdu. Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət etdim”.

Zərərçəkmiş şəxs ifadəsinin sonunda qeyd edib ki, oğlu ilə barışıb, ona qarşı heç bir şikayəti yoxdur.

Telman 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Müəllif: Hacı Zeynalov