22 İyun 17:25
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçiriib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Ramin Hacılı vəsatətlə çıxış edib.

O bildirib ki, mütəşəkkil cinayətkar dəstə yaratmaqda təqsirləndirilir: “Heç bir mütəşəkkil dəstə yaratmamamışam. Nə dəstə var, nə fond var. Mən bu işdə tək sənəd saxtalaşdırmada təqsirləndirilərəm. Dələduzluq etməmişəm. Xahiş edirəm cinayət işi yenidən ibtidai istintaqa qaytarılsın, araşdırma aparılsın”.

Vəkil vəsatəti müdafiə edib. Prokuror isə vəsatətin təmin edilməməsini istəyib.

Məhkəmə yerində müşavirə keçirib. Hakim qərara alıb ki, mütəşəkkil dəstəni onlar müəyyən etməyib: “Əgər sübuta yetirilsə ki, Ramin Hacılı mütəşəkkil dəstənin tərkibində olmayıb, o vaxt həmin maddə ilə bəraət veriləcək”.

Bundan sonra Ramin Hacılı ikinci vəsatəti verib. Bildirib ki, məhkəmə hazırlıq iclasında onun barəsində yenidən həbs qəti imkan tədbiri seçib. O, həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Hakim heyəti bu vəsatəti də təmin etməyib.

Vəsatətinin təmin olunmamasına etiraz edən Ramin Hacılı barəsində ikinci həbs qətimkan tədbirinin əsassız olduğunu deyib. O, məhkəmə tərkibinə etirazını bildirib.

Hakim heyəti etirazı baxılmamış saxlayıb.

Ramin Hacılı deyib ki, etirazla bağlı şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

Daha sonra zərərçəkmiş Azər Əliyev ifadə verib. O deyib ki, Ramin Hacılı ona 22 min manat zərər vurub: “2018-ci ildə mənə Şengen vizası verdi. Buna görə, ona 3000 dollar verdim. Dedim ki, işi qabağa çək, tələsirik. Daha 2 min dollar istədi. Onu da verdim. Qış parkında görüşdük, yenə pul istədi. 11 min 250 manat verdim. Dedi, sizin işinizi düzəldəcəm. Bundan sonra yoxa çıxdı. Mənim də vizamın vaxtına az qalmışdı. Biletimin pulunu ala bilmədim”.

Zərərçəkmiş qeyd edib ki, evini satıb və pulu Raminə verib: “O, mənə pulu qaytarmadı. Mən xaricə gedə bilmədim, ailəm dağıldı. Ramin bir müddətdən sonra mənə zəng vurdu ki, sənə pul göndərirəm. Gecə taksi ilə mənə cəmi 100 manat göndərdi. Məni aldada-aldada bu günə gəlib çıxıb. Bunu öldürsəm, məni tutacaqlar. İndi də eşitmişəm ki, bunun özünü tutublar. Əsəb xəstəsi olmuşam. Dəfələrlə şikayətçilər çağırıb ki, gedək polisə, getməmişəm. Bu da mənim Raminə yaxşılığım, onun da mənə etdiyinə bax”.

Bu zaman zərərçəkmişlə Ramin Hacılı arasında mübahisə yaranıb. Ramin Hacılı əsəbiləşərək şüşə qəfəsə yumruq vurduğu üçün məhkəmə zalından çıxarılıb. Proses Ramin Hacılının iştirakı olmadan davam edib.

Ramin Hacılının vəkili Rəşad Əliyev prosesin təqsirləndirilən şəxssiz keçirilməsinə etiraz edib.

Hakim vəkilə də xəbərdarlıq edib.

Prosesdə ifadə verən digər zərərçəkmiş Pənah Hüseynli bildirib ki, 2016-cı ilin yay aylarında Amerikaya təhsil vizası üçün Ramin Hacılıya müraciət edib: “Ramin Hacılıya bunun üçün 800 dollar vermişdim. Gedə bilmədiyim üçün həmin məbləği Ramin mənə geri qaytardı”.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Ramin Hacılının barəsində olan cinayət işi ayrıca icraatda məhkəməyə göndərilib.


Müəllif: Hacı Zeynalov