24 İyun 2022 01:16
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elməddin Əliyevlə bağlı qərar çıxarılıb və ona bəraət verilib.

Bu barədə Teleqraf.com-a onun vəkili Elvin Yusifov bildirib.

Bəraət hökmü Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Rəsmi məlumata əsasən, İmişli rayon sakini, Zakir Uğurluyev 2020-ci ilin sentyabrında rayon polis şöbəsinə (RPŞ) ərizə ilə həmyerlisi Elməddin Əliyevin onu şantaj edərək 8000 manat məbləğində pul tələb etməsi barədə məlumat verib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 15-də E.Əliyev 6000 manat pulu Z.Uğurluyevdən alarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalar zamanı E.Əliyevin İmişli rayonunun Otuziki kəndində yerləşən "Mal-qara" bazarında mobil telefonla çəkərək "Youtube" sosial şəbəkəsinə yerləşdirdiyi videogörüntüləri silmək üçün "Mal-qara" bazarının idarə heyətinin üzvü Z.Uğurluyevdən şantaj yolu ilə 8000 manat tələb etdiyi məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E.Əliyev 6 il müddətinə azadlıqdan mərhum edilib.


Müəllif: Teleqraf.com