24 İyun 2022 14:46
2 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda 1979-cu il təvəllüdlü Ramazan qayınatası Sərdara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 15-də baş verib. Ramazan həmin gün saat 17 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə yaşadığı Yevlax şəhərindəki evin həyətində arvadı Mehrinin əxlaqsız hərəkətlər etməsini əsas gətirib, onunla mübahisə edib.

Daha sonra Ramazan arvadının əxlaqsız hərəkətlərlə məşğul olmasını aydınlaşdırmaq məqsədilə qaynatası Sərdara arvadı vasitəsilə zəng etdirib və yaşadığı evə dəvət edib. Həyat yoldaşı nalayiq söyüşlərlə söydüyünə görə əlində olan çapacaq ilə onun baş nahiyyəsinə bir dəfə vurub.

Bundan sonra Mehrini həyətdəki hamama aparıb. Orada onun başının qanını su ilə yuyan zaman Sərdar ora gəlib və kürəkəninə “kişi deyilsən, nə üçün arvadına şər atıb, bu vəziyyətə salırsan” deyib.

Bundan əsəbləşən Ramazan bıçaqla Sərdarın qarın boşluğuna bir dəfə vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Ramazanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ramazan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sərdar onun həm qaynatası, həm də dayısıdır: “Onunla münasibətlərimiz normal olub. 20 ildir Mehri ilə ailə həyatı qurmuşam. Birgə nikahımızdan iki uşağımız olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 20-də telefonunda sosial şəbəkələrə baxarkən orada olan fotodakı qadını arvadına oxşadıb: “Bunun üstündə aramızda narazılıq yarandı. Mehri məndən polis şöbəsinə şikayət etdi. Buna görə Yevlax rayon Məhkəməsinin qərarına əsasən 5 gün inzibati qaydada həbs edildim. Həbsdən çıxdıqdan sonra ailə üzvülərim ilə birlikdə anam Kifayətin yaşadığı Yevlax şəhərindəki evə köçərək orada yaşadıq”.

Ramazan deyib ki, iyulun 15-də, saat 16 radələrində evə gedərkən yolda iki ədəd 8 faizlik enerji içkisi alıb: “İçsəm də sərxoş olmadım. Saat 17 radələrində evə çatdım. Həmin vaxt evdə arvadım və anam Kifayət evdə olub. Evin həyətində arvadımla əxlaqsızlıq məsələsi ilə bağlı aramızda mübahisə düşdü. Mübahisə zamanı biri-birimizi təhqir etdik. Mehriyə zəng edərək atasını çağırmasını dedim. Mehri də atasına zəng edərək bizə gəlməsini söylədi. Həmin vaxt Mehri məni təhqir etdiyinə görə həyətdən götürdüyüm çapacaqla baş nahiyyəsinə bir dəfə vurdum. Mehrinin başı qanadığına görə onun qolundan tutaraq hamama apardım. Əlimdəki aləti hamama ataraq Mehriyə başının qanını yumasını dedim. Mehri başının qanın yuyarkən anam da oraya gələrək mənə iradı bildirdi”.

Ramazan deyib ki, az sonra qayınatası gəlib: “Mənə dedi ki, sən kişi deyilsən, nə üçün arvadına şər atıb, bu vəziyyətə salırsan. Məni nalayiq söyüşlərlə təhqir etdi. Sonra üstümə yeridi. Məni vurmaq istəyərkən oradan götürdüyüm cib bıçağı ilə bir dəfə onun qarın nahiyyəsinə vurdum. Qarnını tutduğuna görə geri çəkildim. Bu vaxt oraya gələn polis əməkdaşları məndən bıçağı aldılar və məni də polis şöbəsinə apardılar”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Mehrinin sözlərinə görə, Ramazan aprelin 20-də evə gələrək telefonunda sosial şəbəkədə gördüyü əxlaqsız qadın şəklini ona göstərib: “Həmin şəkillərin mənə məxsus olduğunu iddia etdi. Bunun üstündə mənimlə mübahisə edərək dalaşdı. Buna görə atam bizə gəldi və məni evlərinə apardı. Ramazanın hərəkətindən əsəbləşdiyimə görə polis şöbəsinə şikayət etdim. Şikayət əsasında Yevlax rayon Məhkəməsinin qərarına əsasən Ramazan 5 gün müddətinə inzibati qaydada həbs edildi”.

Mehri qeyd edib ki, Ramazan həbsdən çıxdıqdan sonra onun yanına qayıdıb: “Ailə üzvülərim ilə birlikdə qayınanamın yaşadığı evə köçdük. Orada yaşamağa başladıq. İyulun 15-də, saat 17 radələrində Ramazan içkili vəziyyətdə evə gəldi. Mənimlə yenə sosial şəbəkədə olan fotonun kimə məxsus olması barədə mübahisə etdi”.

Mehri daha sonra ifadəsində əri tərəfindən dəmir parçası ilə döyülməsindən, atasının onlara gəlməsindən və bıçaqlanmasından danışıb.

Ramazan 4 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov