24 İyun 2022 16:20
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Qusar, Kürdəmir rayonlarının sabiq rəisi, sonradan isə Lənkəran Dövlət Universitetinin prorektoru olmuş polkovnik Bahadır Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədriliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Bahadır Qocayev 5 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilinən sabiq prorektor həbs edilib.

İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.

Məhkəmədə son söz deyən Bahadır Qocayev bildirib ki, barəsində verilən ittiham yalandır: "Mənə bu iddianı irəli sürənlər özləri dələduzluq cinayətinə görə məhkum olunub. Bu gün də həmin mülk məsələsi ilə bağlı məhkəmə müstəvisində araşdırma gedir. Bu işlərin arxasında Muradov Rafiq adlı şəxs dayanır. Onun barəsində də dələduzluqla bağlı məhkəmədə araşdırma gedir. İstəmirəm o evi, tövbə etdim, bir də istəməyəcəyəm, lazım deyil, gedib Biləsuvardakı ata evimdə oturaram, məni buradan buraxın”.

Bahadır Qocayev vaxtilə MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub.

Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

2016-cı ildə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.


Müəllif: Hacı Zeynalov