28 İyun 2022 14:01
2 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili olmuş Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Zakir Məmmədov 10 iyul 2017-ci ildən Qaradağ Rayon Polis İdarəsi 10-cu bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyib.

O, öz qulluq mövqeyindən istifadə edərək 2017-ci ilin iyulunda tanışı Bakı şəhər sakini Elvar Xəlilovun Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Vüqar Abbasovun icraatında Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etdirmək imkanına malik olduğunu vəd edib.

Zakir Məmmədov həmin məsələni yaxın münasibətdə olduğu Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi adından 4.000 manat pul verilməsi müqabilində müsbət həll edəcəyini bildirib. Elvar Xəlilovdan əvvəlcə 4.000 manat, sonra isə 6802 manatı da alıb.

İstintaq orqanı tərəfindən Zakir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək)178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4,312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən zərərçəkmiş Elvar Xəlilov bildirib ki, 2014-cü ildən Gürcüstanda sahibkarlıq fəaliyyətilə məşğul olub: “Rəhbəri olduğum “EDİA” şirkətlər qrupu Tbilisi şəhərində fəaliyyət göstərib və şirkət təsərrüfat mallarının satışını həyata keçirib. Azərbaycandan 70 nəfərə yaxın adam çağırdm ki, onları işlə təmin edim. Azərbaycandan apararaq işlətdiyim adamlardan bir neçəsi qanunsuz yeyinti etdiklərinə görə onları məhkəməyə verdim. Onlar Gürcüstandan qaçaraq Azərbaycana gəldilər”.

Elvar Xəlilovun sözlərinə görə, 2017-ci ilin martında onun barəsində şikayət ediblər: “Həmin şəxslərin şikayəti əsasında Səbail rayon Polis İdarəsində araşdırma aparılmağa başlandı, cinayət işi açıldı. Bununla bağlı Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Vüqar Abbasovun qeyri-rəsmi köməkçisi işləmiş Elnur Babayev məni Azərbaycana çağırdı.

Əvvəlcə Elnur özünü mənə müstəntiq kimi təqdim etdi. Gürcüstandan gələrək onunla bir restoranda görüşdüm. Elnur dedir ki, barəmdə şikayət var, həm də yüksək səviyyədə göstəriş var ki, başqa ölkədə işləyən iş adamlarından müəyyən miqdarda pul toplanmalıdır. Elnur mənə şikayət edən adamların ərizələrini də göstərdi. Ona nə etməli olduğumu dedim. Elmur zəng edib danışacağını, sonra cavab deyəcəyini bildirdi. O, çölə çıxdı, telefonla danışdı. Bir qədər sonra qayıtdı. Dedi ki, rəhbərlik 5000 manat verməli olduğumu deyir. Mən də razılaşdım və pulu verdim ki, işimlə məşğul ola bilim”.

Elvar Xəlilov qeyd edib ki, sonralar Elnur ona hər gün zənglər edib və yenə barəsində şikayətlər olduğunu deyib: “Elnura ümumilikdə 6000 manat verməyimə baxmayaraq məni aldatdı, köməklik etmədi. Sonra pulumu da qaytarmadı. Fikirləşdim ki, Səbail rayon Polis İdarəsinin rəhbərliyinin yanına gedim, məsələni aydınlaşdırım. Bu məqsədlə 2017-ci ilin iyulunda dostuml vasitəsi ilə Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin sahə müvəkkili Zakir Məmmədovla tanış oldum. Başıma gələnləri Zakirə danışdım.

Zakir Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi tələbə yoldaşı olduğunu, əvvəllər bir yerdə işlədiyini dedi və köməklik edəcəyinə söz verdi. Zakirlə görüşəndə dedi ki, istintaq şöbəsinin rəisi ilə danışıb, lakin cinayət işinin xeyrimə həll olunması məqsədilə əlavə 4000 manat vermək lazımdır. Zakirə inandığım üçün razılaşdım, həmin gün saat 15 radələrində Zakir Məmmədovla Səbail rayon Polis İdarəsinə getdik. Polis İdarəsinin qarşısında dostumun yanında Zakir Məmmədova 2400 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 4000 manat verdim. Zakir pulu məndən aldı. Sonra Səbail Rayon Polis İdarəsinə daxil oldu. Təxminən bir saatdan sonra qayıdaraq pulu istintaq şöbəsinin rəisinə verdiyini, mənim xeyrimə qərar qəbul edəcəyini bildirdi”.

Elvar Xəlilov qeyd edib ki, bu hadisədən bir ay sonra işin həllini gözlədiyi halda, Vüqar Abbasov onu polis idarəsinə dəvət edib: “Məni istintaq şöbəsinin rəisinin kabinetində həbs edəcəyi ilə hədələdi. 26 avqust 2017-ci ildə Vüqar Abbasov məni şübhəli şəxs kimi tutdu. Avqustun 28-də isə 4 ay müddətinə barəmdə Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildi.

Səbail rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanıldığım vaxt təkidlə Zakir Məmmədov və istintaq şöbəsinin rəisi ilə görüş tələb etdim. Görüşdüyüm vaxt Zakir Məmmədov mənə yaxınlaşaraq 2400 ABŞ dollarını istintaq şöbəsinin rəisinə verilməsi ilə bağlı ona heç bir söz deməməyimi, tez bir zamanda pulumu qaytaracağını bildirdi. Sonralar işin həll olunmadığını gördüm”.

Elvar Xəlilov deyib ki, Bakı İstintaq Təcridxanasında həbsdə olarkən Zakir Məmmədova zənglər edib, ondan 2400 ABŞ dollarını qaytarmasını tələb edib: “Zakir söhbət zamanı həbsdən buraxılmağım üçün köməklik etmək məqsədilə əlavə olaraq 4000 ABŞ dolları məbləğində pul lazım olduğunu dedi. Mən də bacıma zəng edərək həbsdən buraxılmağım üçün Zakir Məmmədovla görüşüb, bu barədə danışmağını və 4000 ABŞ dolları verməsini dedim. Avqustun 28-də bacım Təzəgül, oğlu İsmayıl birlikdə Milli Məclisin qarşısında Zakirlə görüşərək bu barədə söhbət etdilər. Zakir həmin vaxt Təzəgülə yüksək səlahiyyətli şəxslər vasitəsi ilə 4000 ABŞ dolları müqabilində məni həbsdən buraxdıracağına inandırdı. Təzəgüldən həmin məbləği zərfdə aldı. Sonra yenə Zakirə zəng etdim. Zakir 4000 ABŞ dollarını alaraq vəzifəli şəxsə verdiyini bildirdi”.

Elvar Xəlilovun sözlərinə görə, 15 gündən sonra barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçildikdən sonra Zakirlə mütamadi olaraq görüşüb və verdiyi pulları ondan tələb edib: “Zakir isə 2400 dolları istintaq şöbəsinin rəisinə, 4000 dolları isə başqa bir vəzifəli şəxsə verdiyini dedi. Bir müddət sonra Zakir mənə 900 manat qaytardı və bu barədə qəbz aldı. Zakirə maşın almaq adı ilə 2400 ABŞ dollarımı vermədi. Mənim özümün bahalı “Maybach”, “Porsche” avtomobillərim olub. Heç vaxt Zakirdən köhnə, ikinci əl 10.000 manatlıq maşın almamışam. Özüm həmişə avtosalondan təzə avtomobil alaraq sürmüşəm. Heç vaxt 2-ci əl avtomobil sürməmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub.

Hökmdən narazı qalan Zakir Məmmədov apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv olunmasını, bəraət hökmünün çıxarılmasını istəyib.

Bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb. Bu qərardan Zakir Məmmədovun vəkili Ali Məhkəməyə müraciət edib.

Müdafiəçi kasasiya şikayətində müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını, ona şərti cəza verilməsini istəyib.

Ali Məhkəmədə işə baxan hakim heyəti kasasiya şikayətini qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən apellyasiya instansiyasında baxışa təyin olunub.

2021-ci ilin fevarlın 17-də Bakı Apellyasiya Məhkəməsində Zakir Məmmədovun cəzası yüngülləşdirilib. Onun 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 6 min manat cərimə olunub.

Bu qəradan Zakir Məmmədov yenə də narazı qalıb. O, barəsində bəraətverici hökmün çıxarılması üçün kasasiya şikayəti verib.

Prokuror tərəfindən də kasasiya protesti verilib. Prokuror isə Zakir Məmmədovun cəzasının ağırlaşdırıcı hallarını nəzərə alınması üçün işin yenidən apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul olunmasını istəyib.

Hər iki tərəfin şikayətinə Ali Məhkəmədə baxılıb. Zakir Məmmədovun kasasiya şikayəti təmin olunmayıb. Prokurorun protesti təmin edilib və Bakı Apellyasiya Məhkəməsinin qərarı yenidən ləğv olunub, iş ağırlaşdırıcı halları müəyyən etmək üçün apellyasiya instansiyasına qaytarılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə araşdırma aparılıb və sonda qərar elan edilib.

Zakir Məmmədovun apellyasiya şikayəti yenidən təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Zakir Məmmədov 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib. Onun barəsində 2 il 11 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Zakir Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalından həbs edilib.

Zakir Məmmədovun cəzasının əvvəli 22 aprel 2022-ci ildən hesablanması qərara alınıb.

Qeyd edək ki, cinayət işində adı keçən Vüqar Abbasov və Elnur Məmmədovun barəsində ayrıca cinayət işi üzrə araşdırma aparılıb.


Müəllif: Hacı Zeynalov