29 İyun 2022 17:54
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçiriib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Ramin Hacılıya xəbərdarlıq edilib.

Hakim bildirib ki, ötən prosesdə Ramin Hacılı şüşə qəfəsə yumruq vurub, nəticədə qəfəsin şüşəsi sınıb. Növbəti dəfə belə bir hal aşkarlanacağı təqdirdə proses təqsirləndirilən şəxsin iştirakı olmadan keçiriləcək.

Daha sonra prosesdə ifadə verən şahid Məhəmməd Mirzəliyev bildirib ki, Ramin Hacılı ilə bir dostunu tanış edib: “Həmin şəxs xaricə getmək istəyirdi. Mən də onu Raminlə tanış elədim. Ondan sonra heç bir prosesdə iştirak etməmişəm”.

Digər şahid Kamran Abbaszadə bildirib ki, viza almaq üçün Ramin Hacılıya 1500 manat verib: “Xaricə getmək üçün Ramin Hacılıya 1500 manat vermişəm. Ramin də vaxtında vizamızı alıb verib. Mənə heç bir ziyan dəyməyib”.

Vəkilin suallarını cavablandıran Ramin Hacılı bildirib ki, həmin 1500 manatdan ona 200 manat qalıb. Qalan məbləği viza alınmasına xərcləyib.

Növbəti proses iyulun 6-da davam edəcək.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Ramin Hacılının barəsində olan cinayət işi ayrıca icraatda məhkəməyə göndərilib.


Müəllif: Hacı Zeynalov