4 İyul 2022 15:44
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Hövsan qəsəbəsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət işi üzrə məhkəm prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qıniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin oğlu, 7 yaşlı Hüseyn Əlizadə ifadə verib.

Azyaşlı ifadə verən zaman Gülnar Vəlizadə huşunu itirərib və şüşə qəfəsdə yerə yıxılıb.

Ona tibbi yardım göstərilməsi üçün prosesdə fasilə elan olunub. Fasilə zamanı qadına tibbi yardım göstərilib.

Daha sonra proses Hüseyn Əlizadənin dindirilməsi ilə davam edib. O bildirib ki, hazırda ata nənəsinin himayəsindədir.

Bu zaman təqsirləndirilən şəxsin qohumları prosesdə dava salıb. Onlar bildiriblər ki, Elşən Əlizadənin anası Mahirə Hadıyeva uşağı yalan ifadə vermək üçün hazırlayıb. Tərəflər arasında mübahisə yaranıb .

Növbəti proses iyulun 18-də davam edəcək.

Ittihama görə, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-cı il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Gülnar Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov