5 İyul 2022 13:23
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirləndirilən şirkət direktoru Orxan Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror Orxan Ələkbərovun 9 il azadlıqdan məhrum ediliməsini istəyib.

Növbəti proses iyulun 14-də davam edəcək.

Şəki şəhər sakini Orxan Ələkbərov ötən ilin aprel ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Orxan Ələkbərovun karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satması müəyyən edilib.

Müəyyən olunub ki, Orxan Ələkbərov özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib.

Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Orxan Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov