7 İyul 2022 09:26
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda beş nəfərin ölümünə səbəb olan Mahmud Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı M.Əzizov idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili ilə ağır yol nəqliyyat hadisəsi törədib.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

M.Əzizova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 17 nəfər zərərçəkmiş və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb.


Müəllif: Hacı Zeynalov