Bu gün Bakı Apelyasiya Məhkəməsində dostuna qarşı dələduzluq etməkdə ittiham olunan Füzuli rayon sakini Təyyar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Təyyar Məmmədov Həsən adlı yaxın tanışından 4500 manat borca pul alıb. Sonradan borcunu qaytara bilmədiyini görən Təyyar tanışını aldatmaq qərarına gəlib. O, qardaşına məxsus torpaq sahəsinin sənədlərini saxtalaşdırıaraq girov əvəzi Həsənə verib və ondan borcunu qaytara bilməsi üçün vaxt istəyib.
Bir müddət Həsəni bu yolla aldatmağı bacaran Təyyar Məmmədov sonda ölkəni tərk edərək Rusiyaya qaçıb. Pulunu alma bilməməklə yanaşı, saxta sənədlə də aldadılan Həsən isə başına gələnlərlə bağlı Binəqədi rayon polis idarəsinə müraciət edib.
Binəqədi rayon polis idarəsi əməkdaşları və qohumlarının apardığı danışıqlar nəticəsində Təyyar Məmmədovu Azərbaycana geri qayıtmağa razı salmaq mümkün olub və onun barəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanıb.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə Təyyar Məmmədovun barəsində ittiham hökmü çıxarılmayıb. Məhkəmə Təyyar Məmmədovu dələduzluq ittihamı üzrə sübuta yetirə bilməyib və onun barəsində həmin ittiham üzrə bəraət hökmü çıxarıb. Məhkəmə Təyyar Məmmədovu rəsmi sənədləri saxtalaşdırma ittihamı üzrə cəza kəsib.
Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq hökmün ləğv edilməsini və Təyyar Məmmədovun barəsində ittiham hökmünün çıxarılmasını istəyib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, bəraət hökmü ləğv edilib və Təyyar Məmmədovun barəsində ittiham hökmü çıxarılıb. Hökmə əsasən, Təyyar Məmmədovun barəsində 4 min manat cərimə cəzası təyin edilib.
Hacı Zeynalov