2 Dekabr 2014 23:30
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin 9 ayında Azərbaycanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2445, o cümlədən satışı ilə bağlı 634 fakt aşkarlanıb, 106 nəfərdən ibarət 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov nazirlikdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi"nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qanunsuz dövriyyədən 532 kiloqramdan çox narkotik vasitə, o cümlədən 90,7 kiloqram tiryək, 32,8 kiloqram həşiş, 370 kiloqrama yaxın marixuana, 14,6 kiloqram heroin, 25 kiloqram digər vasitələr götürülüb: "Eyni zamanda, 44 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 212,5 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Həmin hüquqazidd əməllərə görə 1824 şəxs cinayət məsuliyyətinə cəlb olunub".

H.Aslanov bildirib ki, DİN tərəfindən respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək davamlı tədbirlər görülür.


Müəllif:

Oxşar xəbərlər