25 İyul 2022 12:57
2 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1994-cü il təvəllüdlü Səməd qızıl-alqı satqısı ilə məşğul olan Eldənizə qarşı dələduzluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Səməd tanışı Eldənizin hər birinin qiyməti 15 manat olmaqla 2368 ədəd qızıl-zinyət əşyalarını qablaşdırmaq üçün nəzərdə tutulan futlyarları satacağına dair yalan vəd verib.

Bu adla ondan 1 dekabr 2019-cu ildə Mərkəzi Univermağın zirzəmisində yerləşən iş otağında həmin dövrün məzənnəsi ilə 35.530 manat təşkil edən 20.900 ABŞ dollarını alıb.

Sonuncu dəfə isə həmin ilin dekabrın 2-də hər birinin qiyməti 15 manat olmaqla 1315 ədəd qızıl-zinyət əşyalarını qablaşdırmaq üçün nəzərdə tutulan futlyarları satacağına dair yalan vəd verib, 11.600 ABŞ dollarını alıb. O, ümumilikdə zərərçəkmişə 32.500 ABŞ dollar ziyan vurub.

İstintaq orqanı tərəfindən Səmədin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Eldənizi təxminən 2016-cı ildən tanıyır: “2014-cü ildən Mərkəzi Univermaqda qab əşyaları satmışam. Eldəniz isə orada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. Həmin ərəfədə bir neçə dəfə məndən pulunu nağd şəkildə ödəməklə müxtəlif məbləğlərdə qab əşyaları aldı. O vaxtdan Eldənizlə yaxşı münasibətim yarandı”.

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Eldənizdən ayrı-ayrı vaxtlarda ABŞ dolları olmaqla faizə müxtəlif məbləğlərdə pul vəsaiti götürüb: “Pulları faizi ilə birlikdə Eldənizə ödəmişəm. 2019-cı ilin təxminən oktyabrında hissə-hissə olmaqla üstündə 14.000 ABŞ dollar pul qaytarmaqla Eldənizdən 29.100 ABŞ dollar faizə pul götürmüşəm.

Eldənizdən aldığım həmin pulu borclu olduğum şəxslərə ödəməklə xərcləmişəm. Maddi imkanım yaxşı olmadığı üçün Eldənizdən faizə götürdüyüm həmin məbləğdə pulu hazırki vaxta kimi qaytara bilməmişəm. Eldənizdən 32.500 manat almamışam və Eldənizlə aramızda heç bir ticarət əlaqəsi olmayıb”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Eldənizin sözlərinə görə, təxminən 2003-cü ildən Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının satışı ilə məşğuldur: “İşimin xüsusiyyəti ilə əlaqədar satışa çıxarılan qızıl-zinət əşyalarının qablaşdırılması üçün mütəmadı olaraq fulyarlar almışam. Eldənizi 2019-cu ilin əvvəllərindən tanıyıram. Qızıl-zinət əşyalarının alqı-salqısı ilə məşğul olduğum üçün əvvəllər müxtəlif şəxslərdən futlyarlar almışam. 2019-cu ilin noyabrın ortalarında, gününü xatırlamadığım vaxtda Səməd mənə yaxınlaşaraq, keyfiyyətli və brend futlyarları sərfəli qiymətlərlə təklif etdi.

Təklif sərfəli olduğu üçün qəbul etdim. Səməd həmin futiyarların 1013 ədəd olduğunu və birinin qiyməti 15 manat olmaqla cəmi qıymətı 15195 manat təşkil etdiyini bildirdi. Bu qiymətlə razılaşdım. 8935 ABŞ dollarını Səmədə pul verdim. Həmin gün pulunu ödədiyim malları tam şəkildə çatdırıldı”.

Zərərçəkmiş qeyd edib ki, dekabrın 1-də Səməd iş yerində yenidən ona yaxınlaşıb, satdığı futlyarlardan yenə də olduğunu, qiymətin də dəyişmədiyini bildirib: “Malları almaq istədiyimi Səmədə söylədim və sayını soruşdum. Səməd 2368 ədəd futlyarın birinin qiymətinin yenə də 15 manat olmaqla cəmi dəyəri 35520 manat təşkil etdiyini bildirdi. Günorta saatlarında Mərkəzi Univermağın zirzəmisində yerləşən iş otağında Səmədə əlbəəl 20900 ABŞ dollar verdim. Həmin pul manatın məzənnəsi ilə nisbətdə 35520 manat təşkil edib.

Səməd bir saata malları təhvil verəcəyini bildirsə də, axşam saatlarında malları satdığını, səhəri gün təxminən saat 11.00-12.00 aralarında mənə malları tam şəkildə təhvil verəcəyini bildirdi”.

Eldəniz bildirib ki, səhəri gün Səməd ona yaxınlaşıb, ona satdığı malları ayırdığını və həmin mallardan axırıncı partiya 1315 ədəd qaldığını söyləyib: “Onları da almağımı təklif etdi. Səmədin bu təklifini də qəbul etdim. Səməd yenə də bir ədədi 15 manat olmaqla cəmi 19725 manat təşkil etdiyini bildirdi.

Mərkəzi Univermağın zirzəmisində yerləşən iş otağında Səmədə əlbəəl 11600 ABŞ dolları verdim. Səmədə pulu verdikdən sonra malları tam şəkildə mənə təhvil verəcəyini dedi. Sonra getdi”.

Eldənizin sözlərinə görə, Səmədin ona vəd verdiyi saatdan sonra müxtəlif vaxtlarda zəng edib: “Səməd müxtəlif bəhanələr gətirərək futlyarları mənə gətirəcəyini bildirsə də, həmin gün saat 17.00-dan sonra onun nömrəsinə zəng çatmadı. Bundan sonra Səmədin atası Hüsaməddinin nömrəsini öyrəndim. Onunla əlaqə saxladım. Hüsaməddin də “MUM”da telefon və internet xətlərinin quraşdırılması ilə məşğul idi. Hüsaməddinə oğlu Səmədin mənə futlyar satmaq adı ilə pul aldığını, lakin aldatdığını bildirdim. Hüsaməddin oğlu Səmədin evdə olduğunu, ayaqyolundan çıxan kimi Səmədlə özünün söhbət edib, bu barədə ona məlumat verəcəyini söylədi”.

Zərərçəkmiş bildirib ki, səhəri gün Hüsaməddin ilə iş yerində görüşüb: “O, oğlu Səmədi həmin gecə möhkəm danladığını, bundan sonra evdən çıxaraq geldiyni və ondan heç bir məlumatının olmadığını söylədi. Dekabrın 4-də yenə də Hüsaməddinlə görüşən zaman o, oğlu Səmədin arvadının əlaqə saxladığını və Səmədlə birgə Türkiyədə olduqlarını deməsini, bunu heç kimə bildirməməyi məndən xahiş etdi. Mənim pulumu qaytaracağına vəd verdi.

Bundan bir neçə gün sonra Səmədi iş yerimin yanında gördüm. Səməd mənə narahat olamamağını, atasının pulumu qaytaracağını söylədi”.

Eldəniz deyib ki, 2020-ci ilin iyul ayında Hüsaməddin onunla əlaqə saxlayıb: “Binə qəsəbəsində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini Səmədin məndən aldığı pulun bir qismi ilə əvəz etməyi təklif elədi. Səmədin əmisi Fəda ilə Binə qəsəbəsində görüşdük. Fəda mənə orada boş torpaq sahəsini göstərdi, 5 sot torpağı mənə verəcəyini söylədi. Lakin Səməd və atası Hüsaməddin mənə indiyədək nə göstərdikləri torpaq sahəsinin sənədini, nə də 32.500 ABŞ dollar pulumu qaytarıblar.

Səmədin atası Hüsaməddinlə sonuncu dəfə 2021-ci ilin martında danışığım zaman Hüsaməddin oğlu Səmədin məndən aldığı pulu qaytarmayacağını və əlimdən nə gəlirsə, etməyimi kobud şəkildə bildirdi. Mənimlə əlaqəni kəsdi. Səmədə verdiyim 32.500 ABŞ dollar pul həmin vaxtın məzənnəsinə əsasən 55.245 manat təşkil edib. Lakin Səmədə pulları 20900 ABŞ dollar və 11600 ABŞ dollar olmaqla cəmi 32.500 ABŞ dollar şəklində vermişəm”.

Zərərçəkmiş bildirib ki, 2020-ci ilin oktyabr və ya noyabr ayında İmran adlı şəxs ona zəng edib və Binə qəsəbəsində yerləşən 5 sot torpaq sahəsinin sənədini verəcəyini bildirib: “2021-ci ilin mayın ilk on günlüyündə İmran mənə zəng etdi. Səmədin mənə verməli olduğu puldan 25000 manatı iyulun 1-dək özü verəcəyini bildirsə də, hazırkı vaxta kimi mənə hər hansı məbləğdə pul verməyib.

Həmçinin iyunun 5-də gecə saatlarında Səməd istifadəsində olan mobil nömrədən mənə zəng gəldi. Lakin telefon zənglərinə cavab vermədim. Təxminən 10-15 dəqiqədən sonra “Vhatsapp” nömrədən mənə mesaj göndərildi. Həmin mesajda qeyd olunmuşdu ki, "Eldəniz salam, Novruzdu, Səmədin qardaşı, əgər Səməd özünü öldürsə, səndən yapışcam, xəbərin olsun". Həmin mesajı yazılı şəkildə istintaqa təqdim etmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Səməd 6 il 11 ay 22 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Səmədin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. Onun cəzasının əvvəli 20 dekabr 2021-ci ildən hesablanması müəyyən olunub.


Müəllif: Hacı Zeynalov