25 İyul 2022 12:21
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Vilyam Hacıyev son söz deyib.

Vilyam Haciyev deyib ki, 1-ci Qarabağ müharibəsində köməklik göstərib, Xocalı faciəsi zamanı insanların təxliyəsində iştirak edib.

O bildirib ki, Naxçıvan blokada olan zaman müəyyən köməklik göstərib və bunun üçün Naxçıvanın fəxri vətəndaşı adına layiq görülüb.

Göygöl, Samux, İmişli rayonlarının icra başçısı olduğunu deyən Vilyam Hacıyevin sözlərinə görə, həmin rayonlar qabaqcıl rayonlar sırasında olub, bunun üçün ona təşəkkürlər edilib.

Vilyam Hacıyev daha sonra qeyd edib: "Bakıda 20 Yanvar küçəsində orta məktəbin təmirinə 3 milyon, uşaq bağçasına 2 milyon, şahmat məktəbinə1 milyon, Bayraq meydanına 500 min manat, Cümə məscidinə 300 min, ASAN parkın salınmasına 290 min manat, aztəminatlıq ailələrin binasının təmiri üçün 200 min manat, Tarix Diyarşünaslıq muzeyinin tikintisinə 200 min manat, Heydər Əliyev mərkəzinin avadanlıqla təmin olunmasına 500 min manat, ümumilikdə 10 milyon manat pul xərcləmişəm. Bu məbləğdən 1 manat da dövlət büdcəsindən vəsait ayrılmayıb. Hamısını daxili imkanlar hesabına etdirmişəm".

Vilyam Hacıyev barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. Hökmə əsasən, Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum olunub. Onun əmlaklarının müsadirə olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, prokuror Vilyam Hacıyevin verilmiş maddələrlə təsirli bilinərək 13 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Prokuror həmçinin sabiq icra başçının üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını tələb etmişdii.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Daha sonra o, həbs edilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsasılı şübhələr müəyyən olunub.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov