Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Alidə tanışı Naibəyə qarşı 91 800 manatlıq dələduzluq edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Alidənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluqluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Alidə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aygünü 1987-ci ildən tanıyıb: “Onunla qohumluq əlaqələrim və ədavətim olmayıb. Aygünlə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı vəzifəsində işləyərkən tanış olmuşam. Həmin vaxt Aygün Baş Hesablama Mərkəzinin sənaye şöbəsində iqtisadçı işləyirdi. Onunla rəfiqə olmuşuq, birgə qızıl alveri də etmişik. Aygün tanımadığım şəxslərdən nisyə qızıl alırdı. Qızılın satışını həyata keçirərək hər ikimiz gəlir əldə edirdik”.
“Məqsədim pulları özümə götürmək idi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin dekabrın sonlarında Aygün vatsapda ona İtaliya istehsallı, 750 əyarlı müxtəlif çeşidli qızıl-zinət əşyalarının fotoşəkillərini göndərib: “Aygün qonşuluqda yaşayan Naibə adlı rəfiqəsinin qramını 84,5 ABŞ dollarına qiymətləndirib satmaq üçün verdiyini dedi. Aygün həmin qızıl-zinət əşyalarını satmağı mənə təklif etdi.
Həmin ərəfədə pula ehtiyacım olduğuna görə Aygünlə qızılları satmaqda kömək edəcəyimə razılaşdım. Ancaq məqsədim qızılları sataraq pulunu özümə götürmək olub.
Sonra qızıl-zinət əşyalarının fotoşəkillərini gözdən keçirərək təxmini hesablama apardıqdan sonra Aygünə zəng vurdum, qazanc əldə etmək üçün qızılın hər bir qramının üzərinə 2 dollar əlavə edərək satacağımı və ümumilikdə əldə olunacaq 1280 dollar məbləğində qazancı bərabər şəkildə böləcəyimi vəd etdim.
Aygün mənimlə razılaşdı və yaşadığım ünvanın həyətində görüşməyi qərara aldıq. Bir-iki saat sonra axşam saatlarında Aygün taksi ilə yaşadığım ünvana gəldi. Onu həyətdə qarşıladım. Qızıl-zinət əşyalarının içərisindən bir ədəd 8.000 dollar dəyərində sırğa cütü və qolbaq-boyunbağı dəstini, bir ədəd 4.700 dollar dəyərində qadın qolbağını və bir ədəd 3.750 dollar dəyərində boyunbağı-qolbaq dəstini götürdüm. Hələlik həmin qızılları nisyə satmaq üçün müştəri tapacağımı, digər qızıl-ziynət əşyalarını isə bir müddət sonra satmaq məqsədi ilə ondan götürəcəyimi bildirdim”.
“Pulları şəxsi ehtiyacıma xərclədim”
Alidə qeyd edib ki, bundan təxminən iki gün sonra həmin qızılları Bakı şəhərində hazırda yerlərini dəqiq xatırlamadığı qızıl qəbulu məntəqəsinə ucuz, yəni qızılın dəyərinin yarı qiymətinə satıb:
“Yenidən Aygünlə yaşadığım binanın həyətində görüşdük, ona qızılların hamısını tanışlarıma nisyə olaraq satdığımı bildirdim. Əldə etdiyim puldan Aygünə 5100 manat verdim. Yerdə qalan pulu isə 2020-ci ilin may ayına kimi alaraq gətirəcəyimi dedim.
Qızılı ucuz qiymətə sataraq əldə etdiyim pulu şəxsi tələbatlarıma xərclədim”.
“Qızılları tanışlarıma satdığımı bildirdim”
Alidə göstərib ki, 2020-ci il yanvarın sonlarında Aygünə zəng vurub və ona müştəri tapdığını bildirib:
“Yerdə qalan qızıl-zinət əşyalarını da satmaq üçün verməsini istədim. Bir neçə dəqiqə sonra səhər saatlarında Aygün yenə yaşadığım evin həyətinə gəldi. Ondan 2.500 dollar dəyərində qadın saatını, 6.000 dollar dəyərində kişi saatını, 3.500 dollar dəyərində qadın boyunbağı-qolbaq dəstini və 4.600 dollar dəyərində qadın boyunbağını götürdüm.
Həmin qızılları nisyə satmaq üçün müştəri tapdığımı, yerdə qalan digər qızıl-zinət əşyalarını isə bir müddət sonra satmaq üçün ondan götürəcəyimi bildirdim. Aygün razılığını bildirirərək getdi.
Həmin günün səhəri yenə də Aygünün verdiyi qızılları Bakı şəhərində hazırda yerlərini dəqiq xatırlamadığım qızıl qəbulu məntəqəsinə ucuz qiymətə, yəni qızılın dəyərinin yarı qiymətinə satdım.
Sonra Aygünlə yaşadığım binanın həyətində görüşərək ona yalandan aldığım qızılların hamısını tanışlarıma nisyə olaraq satdığımı bildirdim. Əldə etdiyim puldan Aygünə 2.500 manat manat verdim. Yerdə qalan pulu da may ayına kimi alaraq gətirəcəyimə söz verdim. Bu dəfə də qızılı ucuz qiymətə sataraq əldə etdiyim pulu ehtiyacım olduğuna görə öz şəxsi tələbatlarıma xərclədim”.
“Pulu gətirəcəyimə söz verdim”
Təqsirləndirilən şəxs deyib ki, 2020-ci ilin martın əvvəllərində günorta saatlarında növbəti dəfə Aygünə zəng vuraraq müştəri olduğunu deyib və yerdə qalan qızılları da verməsini xahiş edib:
“Aygün yaşadığım ünvanın həyətinə gəldi, qızılları ondan aldım. Həmin qızıl-zinət əşyalarını da digərləri kimi nisyə satıb, 2020-ci ilin may ayınadək pulunu verəcəyimi vəd etdim.
Təxminən iki gün sonra Aygündən aldığım qızıl-zinət əşyalarını da Bakı şəhərində hazırda yerlərini dəqiq xatırlamadığım qızıl qəbulu məntəqəsinə ucuz qiymətə satdım.
Sonra Aygünə zəng vurdum, Nərimanov rayonu ərazisində “Funda Medical” kilinikanın yanında görüşərək qızılların hamısını tanışlarıma nisyə satdığımı bildirdim. Həmin vaxt Aygünə 3150 manat da verdim. Yerdə qalan pulu da may ayına kimi gətirəcəyimə söz verdim”.
“Qızıllarını tələb etdi”
Alidənin ifadəsinə görə, Aygündən götürdüyü Naibəyə məxsus qızıl-zinət əşyalarının hamısını ucuz qiymətə sataraq 32.100 manat əldə edib: “Ancaq həmin pulun hamısını Aygün xanıma verməmişəm. Ona bu barədə bildirmədən şəxsi ehtiyaclarıma xərcləmişəm. 2020-ci ilin avqust ayının ortalarında Aygün məni “İnşaatçılar” metrostansiyasının yaxınlığında Naibə ilə görüşdürdü, satmaq üçün mənə verdiyi qızıl-zinət əşyalarının məhz Naibəyə məxsus olduğunu bildirdi.
Həmin vaxtadək Naibəni görməmişdim. Söhbət əsnasında Naibə mənə narazılığını bildirdi, qızıl-zinət əşyalarını dərhal geri qaytarmağımı tələb etdi.
Nə deyəcəyimi bilmədim, ona məxsus 54.000 dollar dəyərində qızıl-zinət əşyalarını nisyə müxtəlif şəxslərə satdığımı, lakin pandemiya səbəbindən həmin şəxslərdən qızıl-zinət əşyalarının pulunu hələ ala bilmədiyimi dedim. Bunu görən Naibə ona məxsus qızıl-zinət əşyalarını satdığım şəxsləri göstərməyimi tələb etdi. Məcburiyyət qarşısında qalaraq onunla razılaşdım. Birlikdə taksiyə əyləşdik, amma sürücüyə nə deyəcəyimi bilmədim.
Avtomobili yaşadığım ünvana sürdürdüm. Qızıl-zinət əşyalarını ayrı-ayrı şəxslərə satdığımı deməkdən qorxdum. Çünki Naibə pulunu tələb edəcəyi halda ona verməyə pulum yox idi”.
Təqsirləndirilən şəxs deyib ki, Naibəyə hər hansı məbləğdə pul ödəyə bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq 2020-ci ilin noyabrında pensiya kartını Naibəyə təqdim edib və hər ay kartın balansına köçürülən 1800 manat məbləğində pulu həmin qızıl-zinət əşyalarına görə müntəzəm olaraq bankomatdan götürməsini xahiş edib: “Naibə də mənimlə razılaşdı. 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrına kimi Naibə pensiya kartından 12.600 manat çıxardı”.
“Oğluma ev almaq üçün...”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Naibənin sözlərinə görə, Aygünü təxminən 40 ildir qonşu kimi tanıyır: “Onunla heç bir ədavətim olmayıb. 2019-cu ilin dekabrın sonlarında oğlum İsa üçün Bakı şəhərindən iki otaqlı mənzil almaq istədim. Lakin lazımi məbləğdə pulum olmadığı üçün özümə məxsus qızıl-zinət əşyalarını satmaq qərarına gəldim.
Qonşuluqda yaşayan Aygünü yaşadığım evə dəvət etdim. Oğlum İsaya mənzil almaq üçün özümə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyimi bildirdim.
Aygün baxmaq istədiyi üçün qızıl-zinət əşyalarını ona təqdim etdim. O, qızıl-zinət əşyalarını gözdən keçirdi, əvvəllər birlikdə işlədiyi, ailəvi dostluq münasibətlərinin olduğu rəfiqəsinin uzun müddətdən bəri qızıl-zinyət əşyalarının alveri ilə məşğul olduğunu dedi və qızıl əşyalarını satmaq üçün məhz həmin rəfiqəsinə verməyi tövsiyə etdi.
Aygünlə razılaşaraq elə həmin günü yaşadığım evdə özümə məxsus qızıları ona verdim”.
“Arxayın oldum”
Naibə qeyd edib ki, onun qızıllarının ümumilikdə dəyəri 54.000 dollar edib: “Aygün qızıl-zinyət əşyalarını məndən aldıqdan sonra sağollaşaraq getdi. 1-2 günə rəfiqəsi ilə görüşərək danışacağını və nəticəsi barədə mənə məlumat verəcəyini bildirdi.
Təxminən iki gün sonra Aygün mobil telefonuma zəng vurdum, məndən götürdüyü qızıl-zinət əşyalarını satmaq üçün rəfiqəsinə verdiyini, 2020-ci ilin martında pulun çatdırılacağını bildirdi. Aygünün sözlərinə arxayın olaraq gözlədim”.
“Gözləməyi qərara aldım”
Zərərçəkmiş bildirib ki, 2020-ci il martın sonlarında Aygünlə yaşadığı ünvanda görüşüb və satmaq üçün verdiyi qızıl-zinət əşyalarının pulunu nə vaxt gətirəcəyini soruşub: “Aygün qızıl-zinət əşyalarını satmaq üçün uzun illərdən bəri tanıdığı rəfiqəsi Alidəyə verdiyini, Alidənin həmin qızıl-zinət əşyalarını müxtəlif şəxslərə nisyə satdığını, lakin pandemiya səbəbindən pulunu hələ əldə edə bilmədiyini dedi.
Məcburiyyət qarşısında qalaraq bir müddət gözləməyi qərara aldım”.
“Ağlayaraq mənə yalvarmağa başladı”
Zərərçəkmiş şəxsin sözlərinə görə, iyunun 15-də, günorta saatlarında Aygün yaşadığı ünvana gəlib: “Mənə 5100 manat verdi. Həmin vəsaiti ona tanışı Alidənin göndərdiyini bildirdi. İyunun 21-də Aygün günorta saatlarında yenidən yaşadığım ünvana gələrək mənə 2500 manat verdi. Həmin pulu da qızıl-zinət əşyalarının müqabilində Alidənin göndərdiyini dedi. Bundan sonra Alidə mənə hər hansı məbləğdə pul ödəmədi.
Bununla əlaqədar narahat oldum. Avqust ayının ortalarında Aygündən məni Alidə ilə görüşdürməsini tələb etdim. Avqust ayının ortalarında onun təşkilatçılığı ilə "İnşaatçılar” metrostansiyasının yaxınlığında Alidə ilə görüşdüm. Alidəni ilk dəfə məhz həmin vaxt görmüşəm.
Söhbət əsnasında Alidəyə narazılığımı bildirdim və ondan satmaq üçün Aygünün vasitəsilə verdiyim qızıl-zinət əşyalarım dərhal geri qaytarmasını tələb etdim. Alidə and-aman edərək Aygündən aldığı 54.000 dollar dəyərində qızıl-zinət əşyalarını nisyə müxtəlif şəxslərə satdığını, lakin pandemiya səbəbindən həmin şəxslərdən qızılın pulunu hələ ala bilmədiyini dedi.
Alidədən mənə məxsus qızıl-zinət əşyalarını satdığı şəxsləri göstərməsini tələb etdim. Birlikdə taksiyə əyləşdik. Alidə sürücüyə avtomobili Murtuza Nağıyev küçəsinə sürməsini söylədi.
Biz Qələbə dairəsinə çatdıqda Alidədən Nərimanov rayonuna nə məqsədlə getdiyimizi soruşdum. Bu zaman Alidə yaşadığı ünvanda ətraflı söhbət etmək istədiyini və məhz bu məqsədlə avtomobili Nərimanov rayonu, Murtuza Nağıyev küçəsinə sürdürdüyünü bildirdi. Buna etiraz edərək sürücüdən avtomobili saxlamasını tələb etdim.
Sonra Alidəyə bir daha etiraz edərək onunla hər hansı mövzuda danışmağa lüzum olmadığını söylədim. Dərhal qızılları geri qaytarmasını və ya onları satdığı şəxsləri mənə göstərməsini bildirdim. Gözlənilmədən Alidə ağlayaraq mənə yalvarmağa başladı və qısa müddət ərzində mənə məxsus qızıl-zinət əşyalarının pulunu tam həcmdə ödəyəcəyini vəd etdi.
Alidəyə inanaraq bir müddət də gözləməyi qərara aldım”.
“Pulu qızının çıxardığını etiraf etdi”
Zərərçəkmiş qeyd edib ki, sonradan Alidə ona heç bir məbləğdə pul ödəməyib və bu səbəbdən 6 yanvar 2021-ci ildə Nərimanov rayon polis idarəsinə gedərək Alidənin barəsində şikayət edib.
Onun sözlərinə görə, 18-ci polis şöbəsində araşdırma aparılan zaman Alidə ona təqaüd kartını verib: “Kartın şifrəsini bildirdi və hər ay kartın balansına 2002 manat pensiya vəsaitinin köçürüldüyünü, lakin kredit borcu olduğuna görə bank tərəfindən avtomatik olaraq 400 manat vəsait tutulduğunu bildirdi. Hər ayın 15-i kartın balansında olan 1800 manat pulu çıxararaq götürməyimi təklif etdi. Məcburiyyət qarşısında qalaraq Alidə ilə razılaşdım və həmin plastik kartı ondan aldım.
Fevralın 16-da “İnşaatçılar” metrostanyasının yaxınlığında Alidənin verdiyi plastik kartı bankomatda yoxlayan zaman kartın balansında cəmi 800 manat olduğunu gördüm. Pulu çıxardıqdan sonra Alidəyə zəng vurdum, narazılığımı bildirdim və kartın balansında cəmi 800 manat olduğunu söylədim. Alidə and-aman edərək yaxın günlərdə kartın balansına bank tərəfindən 1.000 manat da pul köçürüləcəyini bildirdi.
Lakin bir neçə gün gözləsəm də, kartın balansına hər hansı məbləğdə pul köçürülmədi. Bu barədə banka zəng vuraraq maraqlandım. Kartın balansına fevralın 15-də, gecə saatlarında 1800 manat pul vəsaiti köçürülməsi və kart sahibi tərəfindən dərhal internet vasitəsilə onlayn qaydada həmin məbləğin 1000 manatının başqa kartın balansına köçürülməsi bildirildi.
Alidəyə zəng vuraraq bu barədə dedim. Alidə qızı Leyla tərəfindən gecə saatlarında kartın balansında olan 1800 manat məbləğində pul vəsaitinin 1000 manatının internet vasitəsilə onlayn qaydada başqa kartın balansına köçürüldüyünü etiraf etdi. Qızı Leylanın pula ehtiyacı olduğu üçün belə bir hərəkət etdiyini, növbəti aylardan etibarən kartın balansında tam həcmdə 1800 manat pul çıxara biləcəyimi bildirdi”.
Zərərçəkmiş qeyd edib ki, mart ayında kartın balansından 2000 manat, aprel ayında isə 1900 manat çıxarıb. Bildirib ki, bundan sonra 2021-ci ilin avqust ayına kimi həmin kartın balansından ümumilikdə 5510 manat çıxarıb.
“Qızı məni təhqir edib”
Naibənin sözlərinə görə, Alidə ona məxsus qızıl-zinət əşyalarının müqabilində cəmi 7600 manat pul ödəyib. Bildirib ki, 2021-ci ilin avqust ayından sonra Alidənin verdiyi kartın balansına pul vurulmayıb: “Səbəbini isə Alidə əlilliyinin sosial müdafiə nazirliyi tərəfindən yoxlanılması ilə izah etdi. Hazıradək dəfələrlə tələb etməyimə baxmayaraq, Alidə müxtəlif bəhanələrlə mənə məxsus qızıl-zinət əşyalarını qaytarmaqdan və ya həmin qızıl-zinət əşyalarının pulunu tam həcmdə ödəməkdən yayınıb. Zəng edərək qızıllarımı tələb edəndə Alidə xanımın qızı məni nalayiq ifadələrlə təhqir edib”.
Alidə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclası zalından həbs edilib.