3 Dekabr 2014 17:22
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Bərdə rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 2-də saat 19:30 radələrində Bərdə şəhər sakini Cəfərov Elçin Ələsgər oğlu sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkət qaydasını pozaraq işıqforun qadağanedici qırmızı işığında nəqliyyat vasitəsini idarə etdiyinə görə Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidməti inspektoru Aqil Quliyev tərəfindən saxlanılarkən avtomobili orada qoyub uzaqlaşıb.

E.Cəfərov təxminən 10 dəqiqədən sonra həmin yerə qayıdaraq ondan sənədlərini təqdim etməsini və sərxoşluq müayinəsindən keçməsini tələb edən A.Quliyevin üstünə özü ilə plastmas qabda gətirdiyi benzin yanacağını töküb alışqanla yandıraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstərib.

Faktla bağlı E.Cəfərovun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hadisə zamanı sağ əlindən yanıq xəsarəti alan A.Quliyevə rayon xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

E.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər