Gəncə Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri əkib-becərməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Musaməddin Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Musaməddin Əliyev Şəmkir rayonunun Seyfəli kəndində yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi ilə bağlı polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat keçirilib. Keçirilən əməliyyat nəticəsində quş damının yanında bir ədəd sintetik kisədə 895 qram çəkidə, ümumilikdə 2510 qram çəkidə olmaqla külli miqdar təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Musaməddin Əliyev Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri əldə etmə) maddəsi ilə ittiham edilib. Hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Musaməddin Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov