İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvü Könül Sultanovanın apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sıdrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Könül Sultanovanın apellyasiya şikayəti təmin olunmayıb.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə Könül Sultanova 3 min manat məbləğində cərimə kəsilib.
Qeyd edək ki, Könül Sultanova 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
“Aparılan istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və K.Sultanovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri Komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub.
Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Mehparə Məmmədovanın cinayət işi ayrıca icraata götürülüb.