22 Avqust 2022 19:43
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında məlum olub ki, Rəmiş Cəfərov həbsdə olduğu müddətdə hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında atası Zəkrəm Cəfərov barəsində cinayət işi başlanılıb.

Zəkrəm Cəfərov bir neçə nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. Yerli məhkəmədə təqsirləndirilən şəxsin onun yaşını nəzərə alaraq barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bugünkü prosesdə Zəkrəm Cəfərov çıxış edərək vəkili olmadığını deyib.

Hazırlıq iclası avqustun 26-na kimi təxirə salınıb.

Xatırladaq ki, bu il fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.

Daha sonra Rəmiş Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər