Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Gülağa Lətifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror bildirib ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.
Hadisə zamanı güllə yarası alan Akif Nəzərov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı - Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşıdır.
Prokuror çıxışının sonunda Gülağa Lətifovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər daha sonra müdafiə nitqi ilə çıxış etməsi üçün Gülağa Lətifovun vəkili Toğrul Babayevə söz veriblər.
Toğrul Babayev çıxışa hazır olmadığını, çıxışa hazırlaşmaq üçün 15 gün vaxt istəyib. Hakimlər ona çıxışa hazırlaşmaq üçün 10 gün vaxt veriblər. Məhkəmə iclası dekabrın 15-də davam etdiriləcək.
Hacı Zeynalov