Şamaxı rayonunda 1986-cı il təvəllüdlü Eyvaz arvadı Səbirəni (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 1-də gecə saat 2 radələrində baş verib. Eyvaz həmin vaxt arvadını döyə-dəyə öldürüb.
İstintaq orqanı tərəfindən Eyvazın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ititham elan edilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin icraatında araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Eyvaz ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, Səbirə ilə 2007-ci ildə ailə həyatı qurub, iki qız və iki oğlan uşağı olub: “Evli olduğumuz müddətdə tez-tez mübahisələr etmişik. Lakin mübahisələrin əksəriyyəti sözlü olub. Bir neçə dəfə yalnız şillə ilə arvadımı vurmuşam. Bir dəfə də yumruqla vurub gözünün altını göyərtmişəm”.
“Son vaxtlar tez-tez içirdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu hadisə baş verən günü, təxminən gecə saat 2 radələrində yaşadığı evə gəlib:
“Evə gələndə sərxoş idim. Həmin gün saat təxminən 20 radələrində yaşadığım evdə pivə və araq içmişdim. Daha sonra evdən çıxaraq yeni işlətməyə başladığım, evinin yanında yerləşən dönərxanaya getdim. Axşam saatlarında yenidən evimin yaxınlığında tində əyləşərək pivə və araq içdim. Piyada yaşadığım evə gəldim. Son vaxtlar tez-tez spirtli içki qəbul edirdim”.
“Arvadım hamamda idi, amma yuyunmurdu”
Təqsirləndirilən şəxs qeyd edib ki, yaşadığı evə çatanda həyətə giriş qapısını döyüb, qapını kimsənin açmadığını görüb və qarajın qapısını döyməyə başlayıb: “Amma yenə qapını heç kim açmadı, dəmir pivə qabını çölə atdım, əsas giriş qapısı tərəfə getdim. Orada olan qaz borusundan tutaraq hasara dırmaşdım, yaşadığım evin həyətinə düşdüm.
Evin qapısının tam açıq olduğunu gördüm və həyətdə su səsi eşitdim. Buna görə həyətdəki hamama tərəf getdim.
Hamamın işığı yanırdı, qapını açdım, amma içəri daxil olmadım. Arvadım hamamda idi, amma duş qəbul etmirdi. Ondan nə üçün qapını açmadığını soruşdum. Cavabında “görmürsən işim var” dedi və hamamdan çıxdı.
Həmin vaxt Səbirənin başının bir hissəsini qırxılmış vəziyyətdə gördüm. O, başında ağrılar olduğundan hadisə baş verməmişdən bir gün qabaq, yəni sentyabrın 30-da başını qırxacağını bildirmişdi”.
“Neçə zərbə vurduğumu xatırlamıram”
Eyvaz bildirib ki, Səbirənin qolundan tutaraq evin giriş qapısı tərəfə gətirib: “Ora çatanda Səbirə mənə irad tutdu ki, bu nə danışıqdı, mənimlə danışırsan. Onun sifətinə bir şillə vurdum. Səbirə geri çəkildi və “niyə vurursan məni” deyə soruşdu. Bundan sonra yumruqla Səbirənin sifət nahiyəsinə bir yumruq da vurdum. Onun ağzından qan gəldi, mənim də əlim qana batdı.
Həmin vaxt sərxoş olduğumdan Səbirəyə çoxsaylı zərbələrlə vurduğumu xatırlasam da, dəqiq neçə dəfə və bədəninin hansı nahiyələrinə vurduğumu yada sala bilmirəm”.
“Böyük qızım “ata, qurban olaram, səbirli ol” dedi”
Eyvaz deyib ki, Səbirəni döyə-döyə evə daxil olub: “Evin qarşısında aynabəndə daxil olanda Səbirəni itələdim. O, pəncərənin qarşısına yıxıldı. Qolundan tutaraq istirahət otağına keçirdim.
Həmin vaxt Səbirə yıxıldığından onu yerdə dartan zaman, ola bilsin, bədənində xəsarətlər əmələ gəlib. Otağa keçəndə qapını itələdim və qapının şüşəsi qırıldı. Sonra isə pəncərənin şüşəsini yumruqla vuraraq Səbirəni həmin otağa keçirdim.
Otaqda böyük qızım Səidə otaqdan çıxaraq “ata, qurban olaram, səbirli ol” dedi. Səbirə ilə artıq mübahisəmiz bitmişdi və oturmuşduq. Səbirənin sifətinin qanadığını və şişdiyini gördüm. Böyük qızıma Səbirənin sifətindəki qanı yumaq üçün su gətirməyi tapşırdım.
Qızım su gətirməyə getdi, təxminən 1-2 dəqiqə sonra yenidən oturduğumuz otağa gəldi. Səbirə həmin otağın küncüdə əl-üzünün qanını yumağa başladı. Qulağında olan sırğanı, başındakı saç tutucunu və xatırladığım qədərilə əynindəki köynəyi çıxardı”.
“Qayçı ilə saçlarını kəsdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Səbirə ilə söhbət etməyə başlayıb: “Söhbət zamanı Səbirəyə “daha bunu niyə belə saxlayıbsan, bunu da qırxaq” dedim, saçının qalan hissəsini də qırxmağı təklif etdim. O da cavabında saç qırxan maşının xarab olduğunu, bu səbəbdən saçlarını tam qırxa bilmədiyini dedi.
Yataq otağı kimi istifadə etdiyimiz arxa otağa keçdik. Orada saçqırxan maşınla Səbirənin saçını kəsmək istədim. Lakin maşın işləmədi. Bundan sonra Səbirənin saçlarını qayçı ilə kəsdim. Bu zaman Səbirə özü əli ilə saçlarını tutdu, mən isə qayçı ilə saçlarını kəsdim.
Səbirənin saçlarını kəsdikdən sonra yuxusu gəldiyini, başının ağrıdığını və yatmaq istədiyini bildirdi. Əynindəki paltarları mənim köməyimlə çıxarmağa başladım. Səbirəyə dedim ki, başın ağrıyırsa, həkim çağırım. Səbirə isə bildirdi ki, yox, zəng eləsən, səni tutacaqlar, yatım, başımın ağrısı keçəcək. Mən də həmin vaxt yataqda Səbirənin yanında uzandım, biz yatdıq”.
“Polisə təslim oldum”
Eyvaz qeyd edib ki, həmin müddət ərzində qızının otaqda olub-olmamasını xatırlamır: “Səhər yuxudan duranda Səbirənin ağzından qan gəldiyini gördüm. Onu səslədim, amma cavab gəlmədi. Onun qolundan tutdum. Qolunun soyuq olduğunu, bədəninin qaraldığını gördüm. Səbirənin öldüyünü başa düşdüm.
Onun üzərini örtərək yan otağa keçdim və uşaqlara “paltarlarınızı geyinin, aparıram sizi babanızgilə” dedim. Uşaqları taksiyə mindirərək atam Vəlinin evinə yola saldım. Özüm isə digər bir taksi tutaraq rayon polis şöbəsinə getdim və növbətçi hissəyə yaxınlaşaraq cinayət törətdiyimi etiraf etdim. Polislərə arvadımı öldürdüyümü bildirdim”.
Eyvaz 18 il müddətinə azadlıqdan məhrum edilib.