Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvandan təyyarə ilə Bakıya narkotik vasitə gətirməkdə ittiham olunan Şahin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Talıbov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Talıbov Şahin Məhəmmədəli oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb və onun üzərindən 160,490 qram narkotik vasitə-heroin aşkar edilib.
İbtidai istintaqla müəyyən edilib ki, Talıbov Şahin Məhəmmədəli oğlu İran İslam Respublikasının Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən külli miqdarda, 160,490 qram heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 86,200 qramlıq və 74,290 qramlıq 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə qablaşdırıb saxlayıb, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayaqlarına geyindiyi corabların içərisində, ayaqlarının altında yerləşdirərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə daşıyıb və Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılarkən qeyd edilən narkotik vasitəsi ondan aşkar edilərək götürülüb.
Hacı Zeynalov