Kürdəmirdə 1998-ci il təvəllüdlü Nargilə Eldəniz qızı Əkbərovanın və onun nənəsi, 1960-cı il təvəllüdlü Kifayət Hüseyn qızı Məmmədovanın bıçaqlanmasının yeni detalları məlum olub.
Teleqraf.com xəbər verir ki, “Xəzər Xəbər”ə danışan 62 yaşlı Kifayət Məmmədova hadisənin səhər saatlarında baş verdiyini bildirib.
“Səhər qapını açdıq ki, çölə çıxaq. Gördüm ki, qız qışqırdı. Mən çatanda Hikmət onu yerə yıxıb başını kəsmək istəyirdi. Özümü Nargilənin üstünə atdım, Hikmət elə bildi qızın boynudu və bıçağı mənim ayağıma çəkdi”, - deyə K.Məmmədova qeyd edib.
Qeyd edək ki, daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin araşdırmalar zamanı məlum olub ki, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 1998-ci il təvəllüdlü Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra H.Əsədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən 24 yaşlı Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində H.Əhədov onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.