Bakı Apellyasiya Məhkəməsi sabiq deputat Qalib Salahzadənin hazırda Amerikada yaşayan eks-spiker Rəsul Quliyevə qarşı iddiası üzrə qərardad qəbul edib.
Teleqraf.com-un məlumatına görə, hakim İlqar Kərimlinin çıxardığı qərardada əsasən ekspertiza Rəsul Quliyevin yaxın adamı Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun zəbt etdiyi Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin, eləcə də, yaxınlıqda yerləşən Rəsul Quliyevin özünün adına olan torpaq sahəsinin dəqiq ünvanları və həqiqi mülkiyyətçilərini müəyyən etməlidir.
Bu barədə Teleqraf.com-a məlumat verən Qalib Salahzadənin vəkili Tofiq Aslanov qeyd edib ki, ekspertizanın rəyindən sonra həqiqət üzə çıxacaq.
Bildirilir ki, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsində Qalib Salahzadənin və onun yaxınlarının adına 8 mülkiyyət var.
İddiada qeyd olunur ki, Qalib Salahzadənin əlində həmin əraziyə aid 1994-cü ilin çıxarışı var. 2002-ci ildən isə qeydiyyat vəsiqələri olub. Həmçinin Rəsul Quliyevgilin adına olan torpaq sahəsi başqa bir ərazidədir. Onların çıxarışında ev göstərilmir. Onların iddia etdikləri ünvan Rusiya səfirliyinin Bilgəhdəki ərazisinə düşür.
Q.Salahzadə mətbuata açıqlamasında qeyd edib ki, Rəsul Quliyev maklerlər vasitəsilə hazırda Ağasif Şakiroğlunun zorla yerləşdiyi bağ evini satışa çıxarıb. Bağ evinin təxminən 25 milyon dollar qiyməti var.
Əgər ekspertiza R.Quliyevin adına olan torpaq sahəsinin fərqli ünvanda yerləşdiyi barədə qərar qəbul etsə, A.Şakiroğlu Zağulba şosesi 2, 3 və 9 ünvanlarındakı bağ evlərindən çıxarılacaq.
Onu da qeyd edək ki, hazırda partiya sədri A.Şakiroğlinin yaşadığı mübahisəli bağ evini mülki mühafizə xidmətinin polisləri qoruyur.