İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Vilyam Hacıyevin vəkilləri tərəfindən verilən apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı sentyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Vilyam Hacıyev və onun ailə üzvlərinə məxsus olan əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.
Vilyam Hacıyev hökmlə razılaşmır, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. O, həbs edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.