Bakının Binəqədi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Yəhya Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Yəhya Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin fevralın 13-da, saat 02 radələrində Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin aralarında baş vermiş mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirmiş, nəticədə Eynulla İbadov almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Yəhya Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsi iştirakçısı olub. 23 yaşlı Yəhya “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.