Bakıda yarım milyon manatdan çox mənimsəmədə təqsirləndirilən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının 30 il baş həkimi olmuş 85 yaşlı Rəsul Baxışəliyev, onun təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova, xəstəxananın tibb bacısı Afət İbrahimova və təsərrüfat işçisi Əli Əliyevin apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.
Qərara görə, Rəsul Baxşəliyevin cəzası 2 il azaldılıb. Zinyət İsmayılovanın isə 14 yaşına çatmamış övladı olduğu üçün barəsindəki hökmün icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə Rəsul Baxşəliyev 10 il 6 ay, Zinyət İsmayılovanın isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq dövründə azadlıqda olan təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunublar.
İttiham olunan Əli Əliyev və Afət İbrahimovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəza verilib.
İttihama görə, Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri və dövlət vəsaitini mənimsəmələri faktları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Aparılmış istintaqla Rəsul Baxşəliyevin Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən onun təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova ilə əlbir olaraq həmin xəstəxananın tibb bacısı Afət İbrahimova və təsərrüfat işçisi Əli Əliyevin köməkçiliyi ilə müvafiq rəsmi sənədlərə saxta məlumatlar daxil edərək 2009-2021-ci illər ərzində qeyd edilən tibb müəssisəsində müxtəlif vəzifələr tutmaqla faktiki olaraq işə gəlməyən 36 nəfər şəxsin əmək funksiyalarını yerinə yetirməsi görüntüsünü yaratmalarına, bu üsulla həmin işçilərə məxsus olub özlərində saxladıqları plastik əməkhaqqı kartlarına köçürülmüş cəmi 626 min 844 manat məbləğində pul vəsaitini mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə əldə edilmiş sübutlar əsasında Rəsul Baxşəliyev, Zinyət İsmayılova, Afət İbrahimova və Əli Əliyev Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.
İbtidai istintaq zamanı vurulmuş maddi ziyanın 321 min 330 manat hissəsinin ödətdirilməsi təmin edilib.