27 Sentyabr 2022 19:09
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesin əvvəlində mübahisə yaranıb.

Zərərçəkmişlər Aqil Babayevi "şəhidin pulunu yeyən", "Allah sənə lənət eləsin", "şərəfsiz", "biqeyrət", "dostunun arvadına sataşan tərbiyəsiz" ifadələri ilə ləntləyiblər. Zala gələn hakim heyəti zərərçəkmişlərə xəbərdarlıq edib.

Daha sonra zərərçəkmiş Samir Cəfərov təqsirləndirilən şəxsin vəkillərinin suallarını cavablandırıb.

O bildirib ki, Aqil Babayevin göstərişi ilə zəkat pullarını yığıb: "Mənə Aqil Babayev dedi ki, istintaqda zəkat pulunun adın çəkmə, dəymiş ziyan olan pulları qaytaracağam. Sonradan Aqil Babayevin adamı mənimlə görüşdü. O, mənə zəkat pulu ilə bağlı danışmamağımı yox, ümumiyyətlə şikayətindən imtina etməyimi dedi. Mən də ifadəmi dəyişmədim".

Zərərçəkmişin sözlərinə görə, Aqil Babayev onların tikdiyi binadan 8 mənzil götürüb: "Həmin mənzillərin ümumi qiyməti 440 min manat olub. Amma mənzillərə görə 210 min manat verdi. Qalan pulu vermədi, biz ondan çəkinirdik, mənzillərin adını tuta bilmirdik. İxtiyarım çatmırdı ki, ondan verməli olan pulu soruşum. İndi burada pulumu tələb edirəm".

Samir Cəfərov deyib ki, Aqil Babayevin tapşırığı ilə zəkat pullarının yığılması ona tapşırılıb: "Pulları yığdım, siyahı ilə birlikdə Aqil Babayevə təhvil verdim. Zəkat pulları ilə bağlı həmişə Aqil Babayevə hesabat verirdik. Sonradan zəkat pullarından qadınlara paylanması məsələsi ortaya çıxdı. Aqil Babayevin tapşırığı ilə Tahirə adlı qadına hər dəfə 700 manat verirdik, o da qadınlara paylayırdı. Amma kimə çatırdı, bunu mən bilmirdim. Həmin Tahirə adlı qadına verilən pullar sabit deyildi. Arada 900 manat da verirdik. Bu tapşırıqlar da Aqil Babayevdən gəlib. Onu "12-ci İmam Mehdi" kimi tanıyırdıq. Onun qarşısında biz heç nə danışmırdıq".

Vəkillərin Aqil Babayevin səsinin yazılması ilə bağlı suallarına zərərçəkmiş belə cavab verib: "Mən onun səsini yazmamışam. Mənə səsli mesaj göndərib, həmin mesajları da saxlamışam. Bu hadisələrin üstü açılandan sonra həmin səs yazılarını istintaqa təqdim etmişəm".

Aqil Babayevin vəkili Əli Hüseynovun "Aqil Babayev konkret hansı qadınlara əxlaqsız hərəkətlər edib" sualına hakim Eldar İsmayılov müdaxilə edib: "Şəxsə bununla bağlı ittiham verilməyib. Amma zərərçəkmiş istəyirsə, bu suala cavab verə bilər".

Sualı cavablandıran Samir Cəfərov deyib ki, burada kiminsə qızının, qadınının adını çəkmək istəmir. Onun sözlərinə görə, Aqil Babayev tərəfindən onun yaxın qohumlarına qarşı əxlaqsız təkliflər olunmayıb. O deyib ki, Aqil Babayev tərəfindən ona 149 min manat ziyan dəyib və həmin ziyanı tələb edir.

İttihama münasibət bildirən Aqil Babayev deyib ki, mənzil tikintisi ilə bağlı Samir Cəfərovun şəriki Emil Həsənova borc verib.

Onun sözlərinə görə, tikilən binanın 2 və 3-cü mərtəbələrində olan mənzillər ona verilib.

Aqil Babayev qeyd edib ki, zəkat pullarının yığılmasını Samir Cəfərova tapşırıb: "Yığılan zəkat pullarına ehtiyacım olmayıb. Bununla bağlı etibarlı iş adam kimi mənə hesabat verirdilər. Sonradan ehtiyacı olan qadınlara pul paylanılması məsələsi ortaya çıxdı. Mənə Samir dedi ki, vaxtı yoxdur, bu işdə kömək lazımdır. Mən də Tahirə xanımı təklif etdim. Tahirə də pulu ehtiyacı olanlara payladı. İndi məndən nə istəyirlər, başa düşmürəm".

Prokurorun suallarını cavablandıran Aqil Babayev deyib ki, Emil Həsənovu 2001-ci ildə tanıyıb.

Onun sözlərinə görə, 2014-cü ildə Emil Həsənova 240 min dollar borc verib: "Aramızda etibar olub, ona görə də pul verəndə heç nə soruşmamışam. Əvvəlcə onun nə iş görəcəyini bilməmişəm. Mənzil məsələsi sonradan ortaya çıxdı. Mənzillər satılandan sonra mənim pulumu qaytaracaqdılar. Emil mənə sonradan pul yox, mənzil verdi. Mənə verilən mənzillərin satılması üçün makler Layiq Şıxəliyevə etibarnamə verdim. O da mənzillərin satışı ilə məşğul olub".

Daha sonra ifadə verən digər zərərçəkmiş Emil Həsənov söyləyib ki, Aqil Babayev ona ziyan vurub. Onun sözlərinə görə, Aqil Babayevi "12-ci İmam" kimi tanıyıb.

Zərərçəkmiş deyib ki, 2014-cü ildən 2021-ci ilə kimi Aqil Babayevə zəkat pulu verib, hər iş görəndə Aqil Babayevdən xeyir-dua alıb: "Bina tikməyə başlayanda da Aqil Babayevin yanına getdik, ondan xeyir-dua istədik. Bu zaman bildirdi ki, binanın 1 və 2-ci mərtəbələrdə olan 8 mənzili mənə verməlisiniz. Dedi ki, verməsəniz, cəhənnəmə gedəcəksiniz. Hər işimizi ona deyirdik. Uşağınıza ad qoyanda da, rayona gedəndə də məsləhət alırdıq, xeyr-duasını istəyirdik. Hər nə deyirdi, yerinə yetirirdik. Onun sözünün qabağında heç kim danışmırdı. Onun cavabını qaytaranda isə deyirdi ki, səni cəhənnəmə göndərərəm, onda başa düşərsən".

Emil Həsənovun sözlərinə görə, Aqil Babayevi sərkərdə kimi baxıb, özlərini isə onun əsgəri kimi görüblər: "Aqil Babayev danışırdı, hamı ona qulaq asırdı. Hərdən onun yalan danışdığını hiss edirdik. Onun sözünü heç kim kəsmirdi, kəsən şəxsi isə qara siyahısına salırdı. Özünü Allahın adamı kimi təqdim edirdi. Deyirdi ki, məni razı salın, Allah da sizdən razı qalacaq. Hərdən danışanda özünü ifşa edirdi. Amma biz ona bir söz deyə bilmirdik. Elə bil bizi ovsunlamışdı".

Emil Həsənov bildirib ki, Aqil Babayevin mobil telefonundan cinayət işində adı keçən iki qadına porno videolar göndərilib: "Bunun nə məsələ olduğunu Aqil Babayevdən soruşduq. Aqil Babayev dedi ki, onu ifritlər yatızdırıb, telefonundan həmin videoları göndərib".

Emil Həsənov qeyd edib ki, Aqil Babayev onları cəhənnəmə göndərməklə hədələyib: "Bunu elə deyirdi, biz də inanırdıq. Deyirdi ki, xəstə adam olub, onun belinə əlini çəkib, o da sağalıb. Onun cinlərlə iş gördüyünü də fikirləşirdik. Onun yanına gedəndə rahat olmurdum. Elə bil ki, məni boğurdular".

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirdiyini deyən Emil Həsənovun sözlərinə görə, Aqil Babayev onlara “hədis”lərdən də danışıb: "Deyirdi ki, sizi buraya gizli yığıram, vaxtım çatanda aşkara çıxacam, zühur edəcəm. Bundan sonra çox adamın dərisini başına keçirəcəyəm. Biz də ona inanırdıq. Son vaxtlar çox haqsızlıqlarını gördüm. Allahdan qorxurdum ki, başımıza daş düşəcək”.

Bu epizod üzrə danışan Aqil Babayev isə zərərçəkmişin yalan danışdığını deyib.
Növbəti proses oktyabrın 11-də davam edəcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər