Bakıda qumar üstündə qətl törətməkdə təqsirləndirilən Rabil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Rabil Qasımov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki ünvanda olub.
Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, bu il aprelin 4-ü saat 23 radələrində 40 yaşlı Bəhruz Quliyevin öldürülməsi barədə məlumat daxil olub.
Aparılan araşdırmalarla 37 yaşlı Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rabil Qasımov şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, qətlə yetirilən Bəhruz Quliyev avtoyuma məntəqələrindən birində işləyib, o, qumarda Rabil Qasımova pul uduzsa da, uduzduğu məbləği verməyib. Rabil Qasımov həmin pula görə tanışı Bəhruz Quliyevi qətlə yetirib.