Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Əzizə Baxşıyeva ifadə verib.
Əzizə Baxışovanın sözlərinə görə, "Avromed" MMC-də 2020-ci ilə qədər baş direktor işləyib. Onun sözlərinə görə, MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin satınalmalar şöbəsi ilə dərman ləvazimatlarının alqı-satqısı üzrə müqavilə bağlayıb. Müqaviləyə əsasən 22 min 500 manatlıq dərman satıblar.
Daha sonra ifadə verən Eldar Əliyev deyib ki, Maştağa qəsəbəsində təsərrüfatla məşğul olub və heç yerdə işləməyib: "Məlikhəsəni yaşadığım Maştağa qəsəbəsində tanımışam. Hər dəfə onu görəndə işzəszilikdən şikayət etmişəm. Bir gün Məlikhəsən mənə dedi ki, səni işə düzəldəcəm, aydı 200 manat maaş alacaqsan. Mən də razılaşdım. Məni maşınla aparırdılar, hansısa sənədlərə imza atırdım".
Sonradan şirkət rəhbəri olduğunu öyrənən şahid ifadəsində kasıbçılıqdan şikayətlənib: "İki gündür evə çörək almağa imkanım yoxdur. Mən necə şirkət rəhbəriyəm, yaşadığım evim başıma uçur. Heç bir şirkətdən xəbərim yoxdur. İki il ərzində mənə ayda 200 manat verilib. Sonra isə Məlikhəsən dedi ki, iş bağlandı, buna görə həmin 200 manatı da vermədi. Mən öz adımı yaza bilmirəm. Müəssisə nədir ki, onu da yaradım. Məlikhısınon özünün də hara da işlədiyini bilməmişəm. Qəsəbədə onu quş, toyuq saxlayan kimi tanımışıq".
Daha sonra ifadə verən şahid Aqil Quliyev deyib ki, " Fuad Farm"da işləyib. Onun sözlərinə görə, nazirliyə 2014-cü ildə 287 min 969 manat dəyərində dərman ləvazimatları satıblar: "Həmin vaxt nazirliklə müqavilə bağladıq ki, onlara dərman sarğı materialları verək. Dedilər ki, biz böyük məbləğdə dərman perepatları alacağıq. Dedik, biz sizə aldığınız malın qiymətinin 20 faizini güzəşt edirik. Bu minvalla nazirliklə işlədik. Bir müddət sonra bizim şirkət bunlarla üzləşmə arayışı keçirəndə nazirlik qaçdı, sənədləşmədən yayındı".
Prosesdə Aqil Quliyevin ibtidai istintaqa verdiyi İfadəsi elan olunub. O ifadədə bildirib ki, "Riyad Farm" şirkəti ilə nazirlik arasında ümumikdə 287 min 969 manatlıq dərman preparatları barədə müqavilə imzalanıb, mal verilib. Həmin müqavilədə göstərilən məbləğ şirkətin balansına köçürüləndən sonra məbləğin 61 min 10 manatı nazirliyinin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova qaytarılıb.
Növbəti proses oktyabrın 10-da davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.
Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.