3 Oktyabr 2022 18:24
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə "Baku Steel Company"nin maliyyə direktoru olmuş, iş üzrə əksər epizodlarda adı keçən Çingiz Həsənov ifadə verib.

Məhkəmədə məlum ki, cinayət işi ilə bağlı Rasim Məmmədov ilə birgə Çingiz Həsənov da həbs olunubmuş.

Eyni maddələrlə ittiham olunan Çingiz Həsənov 8 ay Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında qaldıqdan sonra azadlığa buraxılıb. Hazırda onunla bağlı cinayət işi ayrıca icraata götürülüb.

Bu zaman Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova vəsatətlə çıxış ediblər.

Onlar təqsirləndirilən şəxs kimi tanınmış Çingiz Həsənovun şahid qismində ifadə verməsinə etiraz ediblər:

"Çingiz Həsənov da Rasim Məmmədovla birgə eyni maddə ilə ittiham olunur. Biz indi onun hansı ifadəsinə inanacağıq?".

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra ifadə verən Çingiz Həsənov deyib ki, Rasim Məmmədovla eyni məktəbdə oxuyub, aralarında möhkəm dostluq münasibətləri olub, sonradan isə onun şirkətində işləməyə başlayıb.

Şahid işlə bağlı danışarkən deyib ki, "Baku Steel Company"dən qeyri-rəsmi metallar çıxıb, buna görə də sonraran kassada kəsir yaranıb: "O, kəsrə görə mən 8 ay həbs yatdım. Rasimə dəfələrlə də demişdim ki, buna görə bizim başımız ağrıyacaq. Hər dəfə də deyirdi ki, bağlanacaq".

Sual-cavab zamanı Rasim Məmmədova məxsus 3 ofşor şirkətin olduğu aşkarlanıb.

Təqsirləndirilən şəxslə şahidin üzləşməsi zamanı aralarında mübahisə yaranıb. Rasim Məmmədov şahidi ittiham edib: "Sən deyirsən mənim dostum olmusan, amma elə olmadığını gördüm. Mən istintaq dövründə 22 milyon pul bağlamışam".

Bu zaman şahid Rasim Məmmədovu işi düz qurmamaqda, hər şeyi başqalarının üstünə atmaqda ittiham edib.

Daha sonra şahidin istintaq dövründə verdiyi ifadə elan olunub.

Çingiz Həsənov həmin ifadəsində kassada yaranan kəsrlərin səbəbini Rasim Məmmədovun şəxsi məsələlərə pullar xərcləməsi ilə əlaqələndirib.

"Baku Steel Company"in tərkibindəki "AzəriBoru" şirkətinin 6 il rəhbəri olmuş Bahadur Əliyev də məhkəmədə ifadə verib.

Şahidin sözlərinə görə, işlədiyi müddətdə "Baku Steel Company"ə 98 min 800 ton metal göndərilib.

Şahidin ifadəsində ziddiyyətlər yarandığı üçün istintaq dövründəki ifadəsi elan olunub.

O, ifadəsində "Azəri Boru"dan çıxan metalın sadəcə 10-15 faizinin rəsmiləşdirildiyini, şirkətin Vergilər Nazirliyinə 6 milyon manat borcu yarandıqdan sonra isə işdən çıxdığını deyib: "Rasimə dəfələrlə demişdim ki, şirkətin bu qədər borcu var. Buna görə neçə dəfə Vergilər Nazirliyinə gedib-gəldim. Axırda bezib işdən çıxdım".

Şahid şirkətdən çıxan metalın 80-85 faizinin rəsmiləşdirilməməsi ilə bağlı dediklərini məhkəmədə boynuna almayıb: "Mən bilmirəm".

Bu cavab isə prokuror Orxan Səmədovu qane etməyib: "İstintaqda başqa şey demisiz, burda başqa şey deyirsiz. Orda da deyərdiz ki, bilmirəm. Sanki özünüz özünüzlə dava edirsiz".

Təqsirləndirilən şəxs şahidin istintaq zamanı verdiyi ifadəsi ilə razılaşmayıb: "Mənim səhvimdir ki, 20 milyon "AzəriBoru"nu almışam. Möhtərəm hakim bu işin axırını siz də bilirsiz mən də. Gəlin, qurtaraq bu söhbəti."

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər