5 Oktyabr 2022 10:40
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin barəsində olan məhkəmə qərarından kasasiya şikayəti verilib.

Teleqraf.com-un məlumatına görə, Rasim Quliyevin kasasiya şikayəti Ali Məhkəməyə göndərilib.

İş araşdırılması üçün hakim Əziz Seyidovun icraatına verilib.

Məhkəmənin vaxtı hələki müəyyən olunmayıb.

O, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, barəsində bəraət qərarı çıxarılmasını istəyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Onun 1 il 6 ay müddətinə rəhbər və maddi məsul vəzifə tutmaqdan məhrum edilməsi müəyyən edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Rasim Quliyevin cəzası dəyişdirilib və 2 il müddətinə şərti hesab olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər