Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun barəsində olan məhkəmə qərarından verilmiş kassasiya protestinə və müdafiə tərəfinin şikayətlərinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılan iş üzrə apellyasiya məhkəməsinin qərarı dəyişdirilib.
Məhkəmə prokurorun sabiq icra başçısı Nizaməddin Quliyevə aid 600 min manatlıq əmlakının müsadirədən azad olunması ilə bağlı verdiyi protesti təmin edib.
Əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə qaytarılıb.
Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilib.
Onunla birlikdə mühkimə olunan Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum olunub.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Ramiz Tatarovun ittiham olunduğu Cinayət Məclləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və onun cəzası 3 ay azaldılıb.
Qərara əsasən, Nizaməddin Quliyev həbsdə olduğu zaman vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Mərhum icra başçısının hüquqi varisi onun qardaşı Cəlaləddin Quliyev tanınıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib
Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.
Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı,Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.