"Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev və İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O deyib ki, bundan əvvəl təqsirləndirilən şəxslərə cəza istəyib: "Amma həmin çıxışından sonra məhkəmə istintaqı bəzi sənədləri araşdırmaq üçün yeniləndi. Bu səbəbdən əvvəlki çıxışımı müdafiə edirəm".
Qeyd edək ki, prokuror Şahin Fətəliyevin 12 il, İlham Qasımovun isə 7 il 6nay müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Prokuror həmçinin zamində olan İlham Qasımovun barəsində həbsə qətimkan tədbiri seçilməsini, məhkəmə zalından həbs olunmasını tələb edib.
Daha sonra çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi deyib ki, məhkəmədə mülki iddia qaldırıblar. Onun sözlərinə görə, Bakının mərkəzində olan 3 mənzil, Nardaran qəsəbəsində olan bağ evini, iki avtomobilini istəyirlər: "Ancaq avtomobil 5 il ərzində istifadə olunub və bu səbəbdən bərbad vəziyyətdədir. Buna görə də həmin avtomobilin pulunun hesablanmasını, həmin pulun zərərçəkmişlərə qaytarılmasını istəyirik".
Zərərçəkmiş Çingiz Mənsimovun varisi hesab olunan qızı Fərəh Mənsimova vəkilinin çıxışı ilə razı olduğunu deyib.
Təqsirləndirilən şəxslərin vəkilləri isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Bu səbəbdən növbəti iclas oktyabrın 21-ə təyin olunub.
İttihama görə, “Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev İlham Qasımovla əlbir olub, onun əmlaklarını ələ keçiriblər.
Şahin Fətəliyev Çingiz Mənsimovun etibarından sui-istifadə edib, onun mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb.
Qeyd edək ki, zərərçəkmiş Çingiz Mənsimov bir müddət öncə vəfat edib.
Onun qızı keçmiş sürücülərinə qarşı 700 min manatlıq mülki iddia qaldırıb. Deyib ki, əslində dəymiş ziyan bu məbləğdən daha çoxdur, çünki satılan təkcə bir mənzilin bazar qiyməti 400 min manatdır.
İstintaq orqanı tərəfindən Şahin Fətəliyevin barəsində Cinayət Məcəlləsinin CM-in 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), İlham Qasımovun basərəsindı isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, “Azəriqazbank” rəhbəri Çingiz Əsədullayev olub. O, 10 il Ağdaşdan deputat seçilib.
Qeyd edək ki, 1992-ci ildən fəaliyyətdə olan bank 2018-ci ildə ləğv olunub. Çingiz Əsədullayev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamı olub.